BAKI, 10 iyul — Sputnik. Erməni KİV-ləri 2 iyul 2017-ci il tarixində Ağdam rayon istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Həsən Əli oğlu Nağıyevin snayper silahı ilə qətlə yetirildiyi barədə məlumat yayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, adı çəkilən şəxs "Vətən sağ olsun" adlı facebook səhifəsində videomüraciət yayaraq erməni KİV-lərinin xəbərini təkzib edib.
O, bildirib ki, 1997-ci ildə Şəmkirdə anadan olub. 2015-ci ilin iyulunda həqiqi hərbi xidmətə çağırılıb. 2017-ci ilin 9 yanvarında isə həqiqi hərbi xidmətdən tərxis edilərək ehtiyata buraxılıb.
"Bu yaxınlarda sosial şəbəkələrdə mənim haqqımda məlumat yayılıb ki, guya mən şəhid olmuşam. Bu, bir düşmən təxribatıdır. Azərbaycan xalqından da xahiş edirəm ki, bu cür təxribata inanmasın. Hazırda sağ-salamatam. Evimdə oturub cənab prezidentin əmrini gözləyirəm, vətən uğrunda döyüşməyə hazıram" — deyə ermənilərin öldürüldüyünü iddia etdikləri gənc bildirib.
Azərbaycanın Müdafiə Nazirliyi isə bu məlumatla bağlı bildirib ki, sosial şəbəkələrdə yayılan yoxlanılmamış və əsassız informasiyalar düşmənin maraqlarına xidmət edir.
"Bu, ictimaiyyəti mənfi əhval-ruhiyyəyə kökləməyə, Azərbaycan silahlı qüvvələrinin imicinə xələl gətirməyə hesablanmış addımlardır" — deyə MN-nin mətbuat xidmətindən bildirilib.