BAKI, 10 iyul — Sputnik. Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribat nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının həlak olması bütün tərəqqipərvər dünya ictimaiyyətini hiddətləndirib. Bir neçə ölkədə Qarabağ həqiqətlərini ictimaiyyətə çatdırmaq üçün həmyerlilərimiz aksiyalar keçiriblər. Aksiyalardan biri Londonda olub.
Bu haqda Sputnik Azərbaycan-a aksiyanın təşkilatçılarından biri olan Hafiz Baxşəliyev məlumat verib. O bildirib ki, ermənilər aksiyaya mane olmağa çalışıblar: "Əvvəldən polis ilə əlaqə saxladım. Onlara dinc aksiya keçirəcəyimiz haqqında məlumat verdim. Razılıq aldım. Amma aksiyanın sonlarına yaxın polis yaxınlaşıb bizə bildirdi ki, ermənilər idarəyə zəng edərək deyiblər ki, azərbaycanlılar buraları dağıdır və hər kəsi narahat edirlər. Biz də sakit şəkildə aksiyamızı davam etdirdiyimizi bildirdik. Polislər hər şeyin qaydaya uyğun olduğunu və bizim sakit şəkildə aksiya keçirdiyimizi gördülər və uğur diləyib getdilər. Ermənilər bununla sakitləşmədilər. Bir neçə dəqiqə keçmişdi ki, bir erməni qız maşınla yanımızdan keçərək "Hayastan" deyərək qışqırdı. Biz yenə fikir vermədik. Bu hallar dəfələrlə baş versə də, biz səbr edərək aksiyamızı başa vurduq. Ümid edirik ki, səsimizi Londonda da çatdıra bildik".