BAKI, 6 iyul — Sputnik. Bu gün 12 dövləti təmsil edən 15 hərbi attaşe və Azərbaycanda akkreditə olunmuş xarici KİV-lərin jurnalistlərindən ibarət qrup Füzuli rayonunun Alxanlı kəndində olublar.
Sputnik Azərbaycan-ın məlumatına görə, səfər iyulun 4-də Ermənistan silahlı birləşmələrinin açdığı atəş nəticəsində çoxsaylı qəlpə yaraları alaraq hərbi hospitala yerləşdirilmiş 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızının ziyarəti ilə başlayıb. Zərərçəkmişin vəziyyəti ağır qiymətləndirilir və o, intensiv terapiya şöbəsində müalicə olunur.
Sonra hərbi attaşelər Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə görüşüblər. İcra başçısı onlara cəbhə bölgəsindəki cari vəziyyətlə bağlı məlumat verib. Alıyev deyib ki, Alxanlı kəndinin daxil olduğu Füzuli rayonu Dağlıq Qarabağın bir hissəsi deyil. Lakin mütəmadi olaraq atəşə məruz qalır və mülki vətəndaşların itkisinə səbəb olur. Füzulinin icra başçısı beynəlxalq ictimaiyyəti ədalətə dəvət edib.
Sonra qrup iyulun 4-də öldürülmüş nənə və nəvənin qəbrini ziyarət etmək üçün kənd qəbiristanlığına yollanıb.
Qrup dinc kənd sakinlərinin ölümünə səbəb olan mərmilərin düşdüyü əraziyə baxış keçirib. Orada Füzuli rayon prokurorluğunun əməkdaşları baş vermiş hadisə və ümumi vəziyyətlə bağlı məlumat veriblər. Bildiriblər ki, Azərbaycanın Baş prokurorluğu hadisə ilə əlaqədar olaraq 7 maddə üzrə cinayət işi qaldırıb.
Mərmi düşən əraziyə toplaşan yerli sakinlər hərbi attaşe və jurnalistlərə atəş altında keçirdikləri real həyatlarından bəhs ediblər.
Qrup həmçinin ölənlərin yas mərasimində də iştirak edib.
Bu səfər Azərbaycanın Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluğu və Füzuli rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilib.
İyulun 4-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Füzuli rayon Alxanlı kəndinin mülki əhalisini və mülki obyektlərini hədəfə alaraq qəsdən 80 və 102 millimetrlik minaatanlardan, həmçinin dəzgahlı qumbaraatanlardan atəşə tutub. Nəticədə 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və mülki obyektlərə zərər yetirilib.
Azərbaycan silahlı qüvvələrinin təxirəsalınmaz və adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.