BAKI, 6 iyul — Sputnik. Azərbaycanın dövlət sərhəddini qanunsuz keçməkdə ittiham edilən Rusiya və İsrailli bloqçu Aleksandr Lapşinin məhkəməsi bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib.
Sputnik Azərbaycan-ın əməkdaşının verdiyi məlumata görə, Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda üç məcburi köçkün şahid qismində ifadə verib.
Şuşadan olan məcburi köçkün Vəsilə Xəlilova dindirilib. O, bildirib ki, 1992-ci ilin 25 fevralında anadan olub. Fevralın 26-da isə Xocalı şəhəri ermənilər tərəfindən işğal olunub və şəhərin əhalisi soyqırıma məruz qalıb. Onun artıq 25 yaşı var və o, Xocalının işğal tarixinə görə 25 ildir ki, ad gününü qeyd eləmir.
Xəlilova əmindir ki, Lapşinin işğal olunmuş Dağlıq Qarabağa səfərinin motivi Ermənistanın separatçı rejiminin təbliğatı ilə bağlıdır. Bundan əlavə Lapşin bunu gizlətməyib və öz bloqunda Dağlıq Qarabağı "Müstəqil Dağlıq Qarabağ Respublikası" adlandırıb, baxmayaraq ki, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və "Dağlıq Qarabağ Respublikası" adlı ölkəni tanımır.
"Yəqin Lapşin də Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bilir və şüurlu şəkildə Azərbaycanın dövlət sərhədlərini pozub ki, dünyaya yalan informasiya versin. Mən bu gün bütün məcburi köçkünlərin adından çıxış edərək Dağlıq Qarabağın işğalı zamanı ermənilər tərəfindən törədilən vəhşilikləri anladıram. İki yaşlı Zəhranın, onun nənəsinin, erməni təcavüzkarlar tərəfindən öldürülən digər şəxslərin günahı nə idi? Lapşin ermənilərin vəhşiliklərini görməyib? Bütün bunlara görə, işğaldan əziyyət çəkən şəxs kimi məhkəmədən Lapşinə layiqli cəza istəyirəm" — deyə Xəlilova bildirib.
Prokurorun Lapşin barədə ilk dəfə nə zaman eşitdiyi barədə sualına cavabında Xəlilova deyib ki, Dağlıq Qarabağın işğalı barədə informasiyaları mütəmadi olaraq internet-resurslarından oxuyur. Odur ki, bir neçə il əvvəl Lapşinin yazıları ilə onun bloqunda rastlaşıb.
Xəlilova bildirib ki, Lapşini internetdəki Qarabağla bağlı məqalələrindən tanıyıb və onunla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib:
"Mən erməni işğalı nəticəsində əzizlərimi, evimi, yurdumu itirmişəm. Lapşinin Qarabağa səfəri separatçı rejimin təbliğatı ilə bağlı olub. Lapşin məqalələri ilə işğalçı Ermənistanı da təbliğ edib. Sual olunur, o, nəyə görə orda Azərbaycanın mədəni irsinin dağılmasından, qaçqın və məcburi köçkünlərin taleyindən heç nə yazmayıb?"
Digər şahid Məmməd Hacıyev də Lapşini internet-resurslardan tanıdığını bildirib.
"Lapşinin yazılarını oxuyanda ona qarşı məndə ikrah hissi oyandı. Mən onun simasında insanlıq yox, şeytanlıq görürəm. O, Ermənistanın separatçı rejimini təbliğ etməklə Azərbaycan xalqının müqəddəs hisslərini təhqir edib. O, insanlıqdan uzaqdır. O, vətənin nə olduğunu bilmir. O, ermənilərə satılıb. Eyni vaxtda 3 ölkənin vətəndaşı olan adam haqqında nə demək olar ki?!"- deyə şahid bildirib.
Üçüncü şahid Yunis Hüseynov isə Lapşini ilk dəfə televizorda gördüyünü deyib. Məhkəməyə müraciət edərək bildirib ki, Lapşin Azərbaycanın dövlət sərhədlərini bilərəkdən pozub və buna əvvəlcədən hazırlaşıb.
"O, Azərbaycan ərazisində yaşayan etnik qruplar barədə bilə bilməzdi. Cənab hakim, mən Lapşinə ən ağır cəzanın verilməsini istəyirəm. Yalnız bu, onu o cür məqalələr yazmaqdan çəkindirə bilər" — şahid deyib.
Hakim isə öz növbəsində qeyd edib ki, Lapşinin anası prosesdə şahidlik etmək istəmir və ifadə verməyəcək. Məhkəmə bu şahid ifadələri olmadan da keçinə bilər.
Sonra cinayət işində olan sənədlər tədqiq edilib, məhkəmə videotexniki ekspertizasının rəyləri elan olunub.
Vəkil Eduard Çernin isə deyib ki, ekspert rəyində Lapşinin məqalələrinin xarakteri aydın şəkildə ifadə edilməyib. Ekspertin qiymətləndirmə zamanı hansı mənbəyə istinad etdiyi aydın deyil. Bu səbəbdən də vəkil hakimdən bu məsələyə aydınlıq gətirmək üçün ekspert Almaz Bayramovanın məhkəməyə çağırılaraq, əlavə şahid qismində dindirilməsini istəyib.
Bu zaman prokuror protest verərək Almaz Bayramovanın məqalələr barədə rəyinin olduqca aydın olduğunu müdafiə edib. Lakin hakim müdafiə tərəfinin vəsatətini təmin edib və növbəti iclasında ekspertin iştirakını təmin edəcəyini bildirib.
Sonda hakim məhkəmə iclasının iyunun 11-də davam etdiriləcəyini bildirib.
Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.
Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunur.