BAKI, 6 iyul — Sputnik. Bu gün Azərbaycanın Moskvadakı səfirliyinin binası önündə qoyulmuş Zəhranın portreti qarşısında şam yandırılıb. Diplomatik nümayəndəliyin qonaqları portretin önünə gül və uşaq oyuncaqları qoyublar.
İyulun 4-də Ermənistan silahlı birləşmələri növbəti dəfə Azərbaycanın Füzuli rayon Alxanlı kəndinin mülki əhalisini və mülki obyektlərini hədəfə alaraq qəsdən 80 və 102 millimetrlik minaatanlardan, həmçinin dəzgahlı qumbaraatanlardan atəşə tutub. Nəticədə 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olub. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz isə ağır qəlpə yarası alıb.
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu səfirliyin önünə toplaşanlar qarşısında çıxış edib.
"Mən bu ağır gündə iki yaşlı qızın öldürülməsinə öz münasibətini bildirmək üçün gələn rusiyalılara təşəkkürümü bildirirəm. Ümid edirik ki, bu hadisə dünya ictimaiyyətinin diqqətini cəlb edəcək. İki yaşlı Zəhra öz həyatını qurban verib ki, dünya ictimaiyyəti bu münaqişənin başa çatması lazım gəldiyini başa düşsün. Özü də beynəlxalq hüquq çərçivəsində başa çatmasını" — deyə səfir bildirib.
Bülbüloğlu qeyd edib ki, Qarabağ böhranı beynəlxalq ictimaiyyətin iştirakı ilə sülh yolu ilə həll olunmalıdır.
"Mən dünya ictimaiyyətini Dağlıq Qarabağda baş verənlərə diqqət göstərməyə, problemi ədalətli və beynəlxalq hüquq çərçivəsində həll etməyə çağırıram. Azərbaycan Respublikası öz prezidenti vasitəsilə dəfələrlə bildirib ki, biz bu məsələnin sülh yolu ilə həllinə tərəfdarıq. Amma məsələ həll olunmur. Biz hamımız şahidik ki, Azərbaycan xalqı çox səbrlidir. Biz bu məsələnin həllini 25 ildən artıqdır gözləyirik. Və mənim nəslimdən olan, hansı ki, artıq 70 yaşı var, gözləməkdən yorulub. Biz bu məsələnin həllini istəyirik" — deyə Polad Bülbüloğlu bildirib.