BAKI, 5 iyul — Sputnik. Ermənistan tərəfinin, guya bölmələrimiz tərəfindən TR-107 yaylım atəşli reaktiv sistemlərindən istifadə olunması barədə yaydığı məlumata Azərbaycan Müdafiə Nazirliyi (MN) münasibət bildirib. Sputnik Azərbaycan xəbər verir ki, MN-in mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı iddianı təkzib edib.
"Ermənistan tərəfinin bu məlumatı, onların mülki əhalini atəşə tutduqlarından sonra əl atdıqları təxribat, dezinformasiya və saxtakarlıqdan başqa bir şey deyil" — deyə Dərgahlı bildirib.
"Real fakt ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələri mülki əhalini atəşə tutub və nəticədə bir qadın və bir körpə uşaq həlak olub" — deyən nazirlik sözçüsü bir daha qeyd edib ki, Azərbaycan tərəfi TR-107 yaylım atəşli reaktiv sistemlərindən istifadə etməyib.