Ramil İbrahimov Sputnik Azərbaycan
BAKI, 5 iyul — Sputnik. Ermənistan silahlı birləşmələrinin ötən gün Füzuli rayonunun Alxanlı kəndini artilleriya silahlarından atəşə tutması nəticəsində ölən kənd sakinləri, 51 yaşlı Sahibə Quliyeva və 2 yaşlı nəvəsi Zəhra Qulyevanın nəşləri rayonun Zobcuq-5 qəsəbəsinə gətirilib.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin Füzuli Rayon İcra Hakimiyyətinin rəsmilərindən əldə etdiyi məlumata görə, yas mərasimi qəsəbədə baş tutacaq. Bu, mərasimə gələn insanların təhlükəsizliyinin təmin edilməsi ilə əlaqələndirilir.
Mərminin partlaması nəticəsində qəlpə yarası alan, 52 yaşlı Sərfinaz Quliyeva isə hərbi hospitala yerləşdirilib. Həyati təhlükəsi qalmaqdadır.
"Dinc əhalinin atəşə tutulması və aralarında azyaşlı da olmaqla, mülki şəxslərin qətlə yetirilməsi, əslində Ermənistan dövlətinin terrorçu mahiyyətinin sübutudur. Onlar nə qədər təxribata əl atsalar da, bizlər doğma yurdumuzu heç vaxt tərk etməyəcəyik" — deyə kənd icra nümayəndəsi İlham İsrafilov Sputnik Azərbaycan-a bildirib.
Qeyd edək ki, dünən axşam saatlarında kəndi atəşə tutan düşmən, Azərbaycan Ordusunun cavab zərbələrindən sonra atəşi dayandırıb. Kənd icra nümayəndəsi İlham İsrafilovun sözlərinə görə, Ermənistan tərəfi nə qədər əhalini qorxutmağa çalışsa da, ordusuna güvənən kənd sakinləri heç vaxt doğma yurdunu tərk etməyəcək.