Hikmət Hacıyev: “Münaqişənin uzanması beynəlxalq ictimaiyyət üçün utancverici haldır”
"Bu gün konseptual şəkildə baxsaq Cənubi Qafqaz regionunda regional təhlükəsizlik çatışmazlığı var". Sputnik Azərbaycan xəbər verir ki, bunu "Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət" mövzusunda keçirilən beynəlxalq ictimai forumda Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib: “Regional təhlükəsizliyin çatışmazlığının kökündə Ermənistanın Azərbaycana qarşı təcavüzü və hərbi işğal faktı durur. 1994-cü ildə atəşkəы sazişi imzalananda mahiyyət bu idi ki, ilk olaraq hərbi işğal faktı aradan qaldırılsın. Ermənistan ötən müddət ərzində atəşkəs rejimindən bu əsnada qəbul edilən sənədlərdən süni şəkildə istifadə etməkdə davam edir”.
“Beynəlxalq ictimaiyyət üçün utancverici haldır ki, indiki dövrdə iki ölkə qoşunları qarşı-qarşıya durublar. Bu ikinci dünya müharibəsini xatırladır. Ötən 25 il ərzində Ermənistanın danışıqlardakı strategiyası dəyişməyib. Ermənistanın strategiyası bundan ibarətdir ki, danışıqlar imitasiya edilsin, mahiyyət olmasın, tərəflərin görüşləri protokol xarakteri daşısın” – deyə o bildirib.