BAKI, 22 iyun — Sputnik. Bu günlərdə, Ermənistanın birinci Qarabağ müharibəsində iştirak etmiş ilk kəşfiyyat-diversiya batalyonunun komandiri Vova Vartanov, Naxçıvanda Azərbaycan — Türkiyə birgə hərbi təlimlərinə münasibət bildirib.
O, bu təlimlərin təkcə qorxu yaratmaq məqsədi daşımadığını, eyni zamanda potensial müharibə ssenarisinin məşqi olduğunu deyib: "Təlimlər həmişə hərbi əməliyyatlardan əvvəl keçirilən baş məşqdir. Onlar müxtəlif ssenariləri nəzərdən keçirirlər. Üstəlik Azərbaycan tərəfi son vaxtlar bu prosesə Gürcüstanı da fəal cəlb etməyə başlayıb, hansı ki, həvəssiz də olsa razılaşır".
Vartanov bir maraqlı tendensiyanı da qeyd edib ki, bu il ərzində Azərbaycan ordusu silahlı qüvvələrin bölmələrinin təlim rayonlarına atılması üçün özünün uçuş vasitələrindən və təyyarəçilərindən istifadə tendensiyası nümayiş etdirir. Onun sözlərinə görə, Naxçıvandakı təlimlər xüsusilə diqqəti cəlb edib. Belə ki, iyunun 12-dən 16-na qədər Naxçıvan Əlahiddə Ümumqoşun ordusu Türkiyə ordusunun bölmələri ilə taktiki təlimlər keçirib.
"Naxçıvandakı təlimlər göstərir ki, biz təkcə Qarabağda yox, eyni zamanda Sünik və Vaytsdozor vilayətlərində (Azərbaycanın qədim Dərələyəz və Gorus mahalı — red.) hazır olmalıyıq. Hadisələrin bu cür inkişaf ssenarisinə təkcə ordunu yox, ictimaiyyəti də hazırlamaq lazımdır" — Vova Vartanov deyib.
Kəşfiyyatçı təklif edib ki, Ermənistan bütün ölkə boyu mülki müdafiə təlimləri keçirməlidir. Xatırladaq ki, Azərbaycan silahlı qüvvələri 23 minlik canlı qüvvə və yüzlərlə hərbi texnikanın iştirakı ilə döyüş şəraitinə maksimal yaxınlaşdırılmış irimiqyaslı hərbi manevrlər keçirib. Bu, son iki ay ərzində Azərbaycan ordusunun keçirdiyi üçüncü belə irimiqyaslı təlimlərdir.
Məsələ ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Sputnik Azərbaycan-a açıqlamasından deyib ki, Azərbaycan Respublikası özünün müdafiə və təhlükəsizlik siyasətini müstəqil şəkildə həyata keçirir: "Azərbaycan — Türkiyə əməkdaşlığı, o cümlədən də hərbi sahədə əməkdaşlığımız regional sülh və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edən, Cənubi Qafqaz regionunda sülhün daha da möhkəmlənməsinə və güclənməsinə xidmət edən bir amildir".
"Ermənistan tərəfi təəssüflər olsun ki, bu məsələni də öz bildiyi kimi təhrif edərək siyasi təbliğat məqsədilə istifadə etməyə çalışır" — deyə XİN-in mətbuat xidmətinin rəhbəri bildirib.