BAKI, 21 iyun — Sputnik. Qərb bloku ilə Rusiya arasında növbəti təyyarə böhranı yaşanıb. Belə ki, NATO təyyarəsi, Rusiyanın müdafiə nazirinin də göyərtəsində olduğu təyyarəyə yaxınlaşmağa çalışıb.
Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, Baltik dənizi üzərində NATO-ya aid bir təyyarə, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun da içərisində olduğu təyyarəyə yaxınlaşmağa çalışıb. Lakin, Şoyqunun təyyarəsini müşayiət edən bir rus qırıcısı NATO təyyarəsini ərazidən uzaqlaşdırıb.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Rusiya ordusuna aid bir qırıcı təyyarənin Baltik dənizi üzərində uçan ABŞ kəşfiyyat təyyarəsinin təxminən 1,5 metr yaxınından keçdiyini açıqlayıb. Sputnik Azərbaycan BBC-yə istinadla xəbər verir ki, hadisənin Kalininqradın təxminən 40 kilometr yaxınlığında, beynəlxalq hava sahəsində yaşandığı bildirilib.
Hadisəni təhlükəli olaraq xarakterizə edən ABŞ səlahiyyətliləri rus pilotun çox sürətli uçduğunu və idarəetmənin zəif olduğunu söyləyib. Rusiya isə ABŞ təyyarəsinin qırıcılarına qarşı təhrikedici hərəkət etdiyini iddia edib.
Pentaqon sözçüsü Jeff Davis isə deyib: "Beynəlxalq hava sahəsində uçurduq və təhrikedici hərəkətə səbəb olacaq heç bir şey etmədik".
Pentaqon sözçüsü hadisə əsnasında "US RC-135" tipli kəşfiyyat təyyarəsinin peyk alıcı-vericisinin açıq olduğunu da əlavə edib. Bu sistem təyyarənin digər təyyarələr tərəfindən fərq edilə bilməsini təmin edir.
Rusiyanın Müdafiə Nazirliyi isə ABŞ təyyarəsinin təhlükəli hərəkətlər etdiyini açıqlayıb. Açıqlamada hadisədən 10 dəqiqə sonra bölgəyə başqa bir ABŞ casus təyyarəsinin gəldiyi, o təyyarənin də yolunun kəsildiyi deyilib.