QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağlıları qorxuya salan təhlükə sovuşdu

© Sputnik / Ramil IbrahimovHoradiz şəhərində xalça sexi
Horadiz şəhərində xalça sexi - Sputnik Azərbaycan
Abunə olmaq
"Həmişə qorxurdum ki, bu zəncir qırılar..."

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 15 iyun — Sputnik. Özünəməxsus təbiəti, tarixi abidələri, cins atları ilə məşhur olan Qarabağ bölgəsinə, həm də qədim xalçaçılıq sənətinin beşiyi demək olar. Hələ qədim dövrlərdə bölgədə heyvandarlığın inkişafı toxuculuq üçün zəngin xammal ehtiyatının yaranmasına səbəb olub. Araşdırmalara görə, Qarabağ xalçaçılıq məktəbinin, təqribən 2500 ilə yaxın yaşı var.

Bənzərsiz motivləri, üzərindəki təsvirlərin orijinallığına görə orta əsrlərdən etibarən bu xalçalar Avropa tacirlərinin də maraq dairəsində olub. Qarabağ xalçalarının toxunması ötən əsrin əvvəllərinə qədər fərdi şəkildə evlərdə həyata keçirilib.

Vaxtilə Şərqin saraylarını bəzəyən Qarabağ xalçaları, 20-ci əsrdə Ağdamda xalça fabrikinin fəaliyyətə başlaması ilə öz inkişaf dövrünün ən yüksək mərhələsinə qədəm qoyur. Ancaq Ermənistan silahlı birləşmələrinin Ağdamı işğal etməsi və rayondakı bütün mədəniyyət nümunələrinin dağıdılması nəticəsində bu qədim el sənəti də məhv olmaq təhlükəsi ilə üz-üzə qalır.

Ağdam rayon sakini Ceyran Əliyeva əmək fəaliyyətinə Ağdam Xalça Fabrikində başlayıb. Ömrünün 40 ilini bu sənətə həsr edib. Dediyinə görə, fabrikdə, əsasən 6-9 m2 ölçülərdə xalçalar toxunub.

"Belə ölçüdəki bir xalçanı 3 toxucu, təqribən 40 gün ərzində hazırlayıb başa çatdırırdı. Sovet dövründə Moskvanın sifarişi ilə satılırdı xalçalarımız. "Noviy eksport" deyərdilər o vaxtlar, xaricə satılırdı. "Azərxalça"ya biz toxuyub təhvil verirdik. Ən çox "Açma-yumma", "Ağ çiçəklər", "Nəlbəki gül" kimi çeşnilər toxuyurduq" — Ceyran Əliyeva bildirir.

Təcrübəli toxucunun sözlərinə görə, müstəqilliyin ilk illərində ölkədəki böhran, xammal qıtlığının yaranması ilə yanaşı, Qarabağ müharibəsi də Qarabağ xalçaçılıq məktəbinin durğunuq dövrünü yaşamasına səbəb olur. Toxucuların doğma yurd-yuvalarından didərgin düşüb, Respublikanın müxtəlif yerlərində məskunlaşmaları isə işçi qüvvəsinin azalmasına gətirib çıxarır. Bu durğunluqdan istifadə edən ermənilər, hətta Qarabağ xalça çeşnilərinin onlara aid olduğunu da iddia edirdilər.

© Sputnik / Ramil IbrahimovHoradiz şəhərində xalça sexi
Horadiz şəhərində xalça sexi  - Sputnik Azərbaycan
Horadiz şəhərində xalça sexi

Ceyran xanım deyir ki, həmin illərdə ən böyük qorxusu Qarabağ xalçaçılıq sənətinin tamamilə yox ola biləcəyi ilə bağlı olub: "Müharibə çox ağır zərbə vurdu. Hamı sanki o vaxt su üstündə yaşayırdı. Fikirləşirdik ki, Ağdama tez qayıdacağıq. Hərə bir tərəfdə idi. Ev şəraitində bəzən toxuyanlar oldu. Toxucularımız müxtəlif rayonlarda məskunlaşmışdılar, sonra da Bakıya köçdülər".

"Həmişə qorxurdum ki, bu zəncir qırılar. Düşünürdüm ki, bu nəsil də qocalır. Artıq öyrədən də qalmayacaq sənəti" – müsahibimiz danışır.

Ötən il Füzuli rayonunun Horadiz şəhərində xalça sexinin fəaliyyətə başlaması xəbəri Ceyran xanımı sevindirib. Artıq Ağdamın Quzanlı qəsəbəsində də "Azərxalça" ASC-nin xalça toxucuları üçün tədris-hazırlıq kursları fəaliyyətə başlayıb. Burada xalçaçılıq sənətinin incəliklərini gənclərə öyrədən Ceyran Əliyeva, indi bu qədim el sənətinin məhv olmayacağından əmindir.

© Sputnik / Ramil IbrahimovXalça
Xalça - Sputnik Azərbaycan
Xalça

"Sevindirici haldır ki, gənclərin özündə də həvəs var. Mən həmişə fikirləşirdim ki, kompüter əsridir, avtomatlaşdırılmış maşınlarda toxunmağa daha çox üstünlük veriləcək. Amma indi görürəm ki, gəlib burada öyrənmək istəyənlərin sayı çoxdur" — deyir təcrübəli toxucu.

Hazırda tədris-hazırlıq kursunda 100-dən çox məcburi köçkün ilmələrin sirrini öyrənir. Artıq Quzanlı qəsəbəsində yeni xalça sexinin də inşasına başlanıb. Tikintinin sentyabr ayında başa çatdırılması nəzərdə tutulub. Fəaliyyətə başlayacaq olan müəssisədə 130 nəfər toxucu çalışacaq.

Xəbər lenti
0