BAKI, 12 iyun — Sputnik. Amerikalı senatorlar Rusiya əleyhinə sanksiyaları sərtləşdirməyi təklif ediblər. Senator Lindsi Qrem bildirib ki, demokratlar və respublikaçılar Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək barədə qanun layihəsi təklif etmək niyyətindədirlər.
Sputnik Azərbaycan "Politico" nəşrinə istinadla xəbər verir ki, Demokratlar Partiyasının nümayəndələri ABŞ prezidenti Donald Trampa, mövcud sanksiyaları yumşaltmağın qanunla qadağan edilməsini istəyirlər. "Əgər Tramp qanun layihəsini imzalamasa və Rusiyanı cəzalandırmasa, o, demokratiyaya xəyanət etmiş olacaq" — deyə Qrem bildirib.
Bir neçə gün əvvəl Ağ Evin nümayəndəsi Sara Sanders bəyan edib ki, "Nə qədər ki, Ukrayna böhranı aradan qalxmayıb, ABŞ Prezidentinin Administrasiyası Rusiyaya qarşı mövcud sanksiyaların qorunmasına sadiqdir".
Xatırladaq ki, ötən ilin sonlarında ABŞ-ın o vaxtkı prezidenti Barak Obama Rusiyaya qarşı bir sıra yeni sanksiyalar təqdim etmişdi. ABŞ-dan Rusiyanın 35 diplomatı və onların ailə üzvləri geri göndərilmişdi.
Eyni zamanda, Rusiya səfirliyinin əməkdaşlarının istirahəti üçün nəzərdə tutulmuş Vaşinqton və Nyu-Yorkdakı bağ evləri diplomatların ailələrinin üzünə bağlanmışdı. Bu yaxınlarda Rusiyanın Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, əgər ABŞ Nyu-York və Merilend ştatlarındakı Rusiyaya məxsus diplomatik daşınmaz əmlak üzərindəki qadağanı qaldırmasa, Moskva Amerikanın Rusiyadakı mülkiyyəti ilə bağlı adekvat tədbirlərə əl atacaq.