BAKI, 10 iyun — Sputnik. Azərbaycanın dövlət başçısı İlham Əliyev Rusiya Günü münasibətilə RF prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.
Sputnik Azərbaycan Azərbaycan Prezidentinin saytına istinadla xəbər verir ki, İlham Əliyev Putinə Rusiya Günü ilə əlaqədar olaraq xoş arzularını ifadə edib.
"Bu gün Rusiya Federasiyası ictimai-siyasi və sosial-iqtisadi sahələrdə böyük uğurlar qazanıb. Həyata keçirilən dövlətdaxili dəyişikliklər, habelə xarici siyasət sahəsində atılmış addımlar sabitliyə, sıx birləşmiş cəmiyyətin formalaşmasına, beynəlxalq aləmdə Rusiyanın mövqeyinin və nüfuzunun möhkəmlənməsinə kömək edib. Azərbaycan ilə Rusiyanı çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələri bağlayır. Bu xoş ənənələrə əsaslanan Azərbaycan-Rusiya dövlətlərarası münasibətləri hərtərəfli inkişaf edir və yeni məzmunla zənginləşir. Əmin olduğumu bildirirəm ki, biz xalqlarımızın maraqları, regionda sülhün, mehriban qonşuluğun və sabitliyin təmin edilməsi naminə strateji tərəfdaşlığı bundan sonra da birgə səylərimizlə möhkəmlədəcək və müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirəcəyik" — deyə prezident Əliyev bildirib.
Azərbaycanın dövlət başçısı əlamətdar gündə Putinə möhkəm can sağlığı, uğurlar, dost Rusiya xalqına isə sülh və firavanlıq arzu edib.