BAKI, 31 may — Sputnik. İyun ayının 1-dən etibarən Rusiyada xarici ölkələrin sürücülük vəsiqəsi ilə işləyən şəxslər işdən uzaqlaşdırılacaqlar. Maraqlıdır ki, bununla bağlı qanun 2013-cü ildə qəbul edilsə də, sabahdan etibarən qüvvəyə minəcək.
Bu qanunun fəsadlarının azərbaycanlı sürücülərə necə təsir edəcəyi maraqlıdır. Bildiyimiz kimi, Rusiyada kifayət qədər azərbaycanlı yaşayır və onların arasında professional sürücü kimi çalışanlar da az deyil. Amma yeni qanun onları da işsiz qoyacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin verdiyi sürücülük vəsiqəsi beynəlxalq səviyyədə tanınır. Beləliklə, bir tərəfdə beynəlxalq səviyyədə tanınan vəsiqə, digər tərəfdə isə suveren ölkənin parlamenti tərəfindən qəbul edilən qanunun toqquşması baş verir.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qərar Rusiyada professional şəkildə sürücü işləmək istəyənlər üçün nəzərdə tutulub. Belə ki, Rusiyada sürücü kimi çalışmaq istəyənlər mütləq Rusiya sürücülük vəsiqəsini almalıdırlar.
"Azərbaycan qanunlarına görə isə ümumiyyətlə xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən sürücülük vəsiqəsi ilə ölkəyə daxil olan Azərbaycan vətəndaşları həmin vəsiqədən bir ay müddətində istifadə edə bilər. Sonra mütləq milli sürücülük vəsiqəsi ilə dəyişməlidir" — Əliyev bildirib.
Onun sözlərinə görə, əgər şəxs xarici ölkə vətəndaşıdırsa, onun səlahiyyətli orqanın verdiyi sürücülük vəsiqəsi varsa, o, bu vəsiqədən ölkədə qalmaq üçün icazə aldığı gündən etibarən bir ay müddətinə istifadə edə bilər: "Yəni, Azərbaycanda şəxsin professional kimi işləməsi və ya işləməməsi fərq etmir. Şəxs bir ay müddətinə onda olan xarici vəsiqədən istifadə edə bilər. Rusiyada isə bu qərar sürücülük fəaliyyəti ilə məşğul olanlar üçün nəzərdə tutulub. Yəni, kim sürücü kimi işləmək istəyirsə, o, Rusiya sürücülük vəsiqəsi almalıdır".
K. Əliyevin sözlərinə görə, Azərbaycanda səlahiyyətli orqan tərəfindən verilən sürücülük vəsiqələri Rusiyada yenə də qəbul edilir: "Yeni qanun ancaq sürücü kimi işləmək istəyənlərə şamil edilir, 2-3 günlük, 1 aylıq gedən turistlərə aid edilmir".
Hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, Rusiyada qəbul edilən qanunda qeyd edilir ki, xarici ölkədə sürücülük vəsiqəsi alan şəxs peşəkar sürücülüklə məşğul ola bilməz: "Məsələn, avtobus sürücüsü, taksi sürücüsü kimi xarici sürücülük vəsiqəsi ilə məşğul olmaq olmaz. Azərbaycan qanunlarında isə qeyd edilib ki, xarici ölkələrdə aldığınız sürücülük vəsiqələri ilə öz avtomobilinizi belə, bir aydan artıq idarə edə bilməzsiniz. Belə oxşar qaydalar dünyanın hər yerində var. Ola bilsin ki, müddət fərqi olsun, amma hər yerdə qayda eynidir".
Ekspert bildirir ki, Rusiyada qəbul edilən qərar iki məqsəd daşıya bilər: "Birinci məsələ yol təhlükəsizliyi ilə bağlıdır. Belə ki, dünyanın bir sıra ölkələri hər ölkənin təhsilini bəyənmir. Onlar öz sürücülük təhsilinə, öz sürücülük imtahanlarına daha çox üstünlük verirlər. İkinci məsələ isə əmək bazarının qorunmasıdır. Bu qanun ona xidmət edəcək ki, sürücülük işlərində daha çox Rusiya vətəndaşları və daim bu ölkədə yaşayanlar işləyəcəklər".
Ə. Hüseynov, həmçinin qeyd edir ki, Rusiyada sürücülüklə bağlı imtahan verən şəxslərdən rus dili imtahanı da götürülür: "Bu, bütün əcnəbilərə şamil edilir. Məsələn, rus dilini bilməyən şəxs necə taksi və yaxud avtobus sürücüsü işləyə bilər? Bunu faciəyə çevirmək lazım deyil. Əgər azərbaycanlı orada taksi sürücüsü kimi işləmək istəyirsə, gedib imtahan versin, işləsin. Bu, onlar üçün ciddi problem olmayacaq. Bizim yol hərəkəti qaydalarımız demək olar ki, Rusiya ilə eynidir".