BAKI, 19 may — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da (6 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 113 dəfə pozub. Sputnik Azərbaycan Müdafiə Nazirliyinin (MN) rəsmi saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskevan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Qaymaqlı, Aşağı Əskipara kəndlərində, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Hacıalılı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Qaraqaşlı, Kəngərli, Baş Qərvənd, Cəvahirli, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.