BAKI, 18 may — Sputnik. Nijni Taqildə (Rusiya) yaşayan radio həvəskarı, fəlakətlərlə bağlı tədqiqatları ilə məşhur olan Valentin Deqterev növbəti kəşfə imza atıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, virtual tədqiqatçı Yer səthi ilə bağlı şəkilləri öyrənərkən Cənub qütbündə üstü sıx qar təbəqəsi ilə örtülmüş nəhəng predmet aşkarlayıb. Mütəxəssis o qənaətə gəlib ki, bu predmet yad mənşəlidir və böyük ehtimalla yadplanetlilərin kosmik gəmisidir.
"Mən təsadüfən heyrətamiz bir şey tapdım. Google Earth saytında 73°13'55.09"S, 71°57'12.98‚W koordinatı üzrə Antarktidada (Eklund adası) axtarış apararkən, sahildən 170 kilometr aralıqdakı qayalıqda "ulduz gəmisi" adlandıra biləcəyimiz qurğu dayanır. 600 metr ölçüsü olan bu nəhəng aparat, böyük ehtimalla qayaya çırpılıb və əsrlərlə buranın girovuna çevrilib" – deyə Deqterev yazıb.
Rusiyalı artefakt mütəxəssisi bildirib ki, nəhəng UNO Antarktida buzlaqları əriməyə başlayandan sonra fotolarda görünüb: "Şəkillər 1989-cu ildən 2013-cü ilə qədər çəkilib. Bütün şəkillərdə də həmin predmet eyni yerdə dayanıb. Bəzən fərq edilir, bəzənsə yox. Amma onun forması dəqiq görünür: raket mühərrikli elleps formasında diskə oxşayan aparatdır".
Onun sözlərinə görə, hətta 1999-cu ildə çəkilmiş şəkillərdə aparatın qanadları da görünür: "Lakin ola bilsin ki, bu, sadəcə kölgədir, yaxud da səthin kiçik bir hissəsidir. Qalan hissələr barədə isə mən heç təsəvvür belə, etmirəm. Görünür bu, bizim planetdəki ən böyük UNO-dur. O, yaxşı qorunub və onu tapmaq elə də çətin deyil".
Bununla yanaşı, Deqterev bildirib ki, gəlmə "kosmik gəmi"ni hazırkı şərtlərdə qarın altından çıxarmaq mümkün deyil. Çünki hazırda dünyada Antarktidada o miqyasda iş aparmaq qabiliyyətində olan texnika yoxdur.
"Mənə çox maraqlıdır ki, o, Yerə nə vaxt düşüb? Və o, haqqında çoxlu əfsanələr dolaşan həmin "Viman" aparatının (Qədim əfsanəvi uçan aparat. Sanskrit mətnlərinə görə, allahlar səmada vimanlar vasitəsilə uçurdular və onlar ölüm gətirən silahlarla təchiz edilmişdilər — red.) özü deyil ki? Onunla bağlı qədim Mars və hətta mifik Faeton kimi müxtəlif fantaziyalar da uydurmaq olar" — mütəxəssis vurğulayıb.
Onun sözlərinə görə, bir şey dəqiqdir ki, hələ indiyə qədər Yer kürəsində belə bir şey tapılmayıb: "Bu texnogen predmetin ilkin təsəvvür olunan ölçüləri onu deməyə əsas verir ki, o, Yer planetində mövcud olan maşınlarla müqayisədə həddindən artıq böyükdür".
Xatırladaq ki, Valentin Deqterev 2012-ci ildə Sverdlovsk vilayətində itkin düşmüş AN-2 təyyarəsinin sərnişinlərinin yardım istədikləri barədə səsləri radiokanallardan birində eşitdiyini bəyan etməsi ilə məşhurlaşıb. Daha sonra radioanaliz həvəskarı peyk vasitəsilə çəkilmiş şəkillərin analizi vasitəsilə fəlakətlərin araşdırılması ilə məşğul olur.