BAKI, 15 may — Sputnik. Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirir. Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Məlumata əsasən, mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA” zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq hava məkanını nəzarətə götürməyə cəhd göstərilib.
Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın “OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.
Məlumat üçün bildiririk ki, ekipajı 5 nəfərdən ibarət olan “OSA” zenit-raket kompleksi hava hədəflərini 45 kilometr radiusda aşkar edərək izləməyə götürməyə və 9 kilometr uzaqlıqda məhv etməyə qadirdir.