BAKI, 11 may — Sputnik. Lənkəran Rusiyalı turistlər arasında ən populyar olan MDB məkanındakı top-5 kurortdan biridir.
Sputnik Azərbaycan-ın məlumatına görə, TurStat analitik agentliyi rusiyalı turistlərin 2017-ci ilin yayında MDB ölkələri içərisində istirahət edəcəkləri ən populyar kurortları müəyyənləşdirib.
Rusiyalı turistlər arasında MDB məkanında populyar olan ilk beşliyə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Belarus və Ermənistandakı kurortlar daxildir.
Turistlər arasında populyar olan MDB ölkələrindəki kurortların top beşliyinə Lənkəran (Azərbaycan, Xəzər dənizi), Borovoye (Qazaxıstan), İssık-kul (Qırğızıstan), Naroç (Belarus) və Göyçə (Sevan, Ermənistan) daxildir.
Bu reytinq otellərin qabaqcadan on-layn sifarişləri ilə bağlı məlumatların analizi nəticəsində tərtib olunub.
TurStatın məlumatına görə, rusiyalı turistlər istirahət üçün Lənkəranda yerləri orta hesabla 7 günlüyə, İssık-kul gölündə 10 günlüyə, Naroç gölündə 8 günlüyə, Borovoyedə 12 günlüyə, Göyçə gölündə isə 3 günlüyə sifariş ediblər.
Lənkəranda istirahət etmək üçün tələb olunan sutkalıq büdcə orta hesabla 70 dollar təşkil edir. Bu kurorta Rusiyadan əsasən Moskvada, Sankt-Peterburqda və Moskva vilayətində yaşayan turistlər gəlir.