QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

XİN: Şuşanın işğalı bu siyasətin nəticəsidir

© Sputnik / Murad OrujovЗдание Министерства иностранных дел Азербайджанской Республики в Баку
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
XİN: "Şuşa şəhərinin işğalı Ermənistanın Azərbaycan Respublikasına qarşı sistematik təcavüz və işğal siyasətinin tərkib hissəsidir"

BAKI, 8 may — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Şuşa şəhərinin işğalının ildönümü ilə əlaqədar bəyanat yayıb.

XİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a daxil olan bəyanatda deyilir: 

"Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən 1992-ci ilin mayın 8-də Azərbaycanın qədim Şuşa şəhəri işğal olunub. İşğalı nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb.

Şuşa şəhərinin işğalı Ermənistanın Azərbaycan Respublikasına qarşı sistematik təcavüz və işğal siyasətinin tərkib hissəsidir. Bu işğalçılıq siyasəti nəticəsində Ermənistan tərəfindən gücdən istifadə edilməklə Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayonu işğal edilib, işğal edilmiş ərazilərdə bir milyondan artıq azərbaycanlı qanlı etnik təmizləməyə məruz qalıb və müharibə dövründə Ermənistan tərəfindən hərbi və insanlıq əleyhinə ağır cinayət əməlləri törədilib.

25 ildir işğal altında olan Şuşa şəhəri Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin ayrılmaz bir hissəsi olmaqla bərabər Azərbaycan xalqı üçün tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malikdir. “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulub.

Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan və təhqir edilməsi, mənimsənilməsi kimi məqsədli siyasəti çərçivəsində yalnız Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə dağıdılıb, məbədgah və məscidlər təhqir və vandalizmə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Bunların içərisində Pənah xanın sarayı və kitabxanası, Xan sarayı və karvansaray, Yuxarı və Aşağı Gövhərağa, Saatlı məscidləri, Vaqifin Mavzoleyi, Natavanın evi və sair digər abidələr vardır. 

Maarif Babışov - Sputnik Azərbaycan
QARABAĞ
Şuşalı döyüşçü hələ də bunu özünə bağışlamır

Müvəqqəti işğal altında olan Dağlıq Qarabağ regionu həmişə Azərbaycanın ayrılmaz hissəsi olub və olacaqdır.

BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycanın ərazilərinin işğal edilməsini qınayan və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü və Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələr qəbul edib. Təhlükəsizlik Şurası bu qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını təsdiq edib və işğalçı qüvvələrin bütün işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Digər beynəlxalq təşkilatlar da oxşar mövqe nümayiş etdirib.

Beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini birmənalı və qəti şəkildə dəstəkləyir və hörmət edir. Bununla beynəlxalq ictimaiyyət bir daha Ermənistana aydın edir ki, işğal nəticəsində əldə edilmiş mövcud status-kvo heç vaxt qəbul etməyəcək. Həmçinin, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdləri qəbuledilməzdir.

Ermənistan beynəlxalq ictimaiyyətin mövqeyinə tam hörmətsizlik edərək və beynəlxalq hüququn ümumi qəbul olunmuş norma və prinsiplərini kobud şəkildə pozaraq, hələ də öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmağa imtina edir, işğal edilmiş ərazilərin fiziki, demoqrafik və mədəni xüsusiyyətlərini dəyişdirir, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş yüz minlərlə azərbaycanlının Dağlıq Qarabağ və işğal olunmuş ətraf yeddi rayona qayıtmasını və bu ərazilərdəki öz əmlakına sahib olmaq hüququnu rədd edərək hazırkı status-kvonun möhkəmlənməsinə yönəlmiş səylər göstərməyə davam edir.

Ermənistan beynəlxalq hüququn ali prinsipi olan xalqların öz müqəddəratı təyin etmə prinsipindən sui-istifadə edərək, ölkəsinin qonşu dövlət olan Azərbaycanın ərazilərini güc tətbiq etməklə, ilhaq edilməsi cəhdlərini ört- basdır etməyə çalışır. Ermənistanın Azərbaycanda yaşayan ermənilərin vəziyyətinin öz müqəddəratını təyin etmə kimi təqdim etməyə çalışmasının BMT nizamnaməsi və Helsinki yekun aktında təsbit olunmuş öz müqəddəratı təyin etmə ilə heç bir əlaqəsi yoxdur. Əslində öz müqəddəratını təyin etmə prinsipi etnik təmizləmə nəticəsində didərgin düşmüş Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin sayı 80 mindən artıq olan azərbaycanlı əhalisi, o cümlədən Şuşa şəhərinin 33 mindən artıq sakininin Dağlıq-Qarabağ regionuna qayıtmasını tələb edərək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində onların erməni icması ilə sülh, ləyaqət və çiçəklənmə şəraitində birgə yaşayışını nəzərdə tutur.

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyəti beynəlxalq hüquqa əsasən üzərinə düşən öhdəliklərinə əməl edərək Azərbaycan ərazilərinin işğalına son qoyulması və öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, danışıqlarda konstruktiv addımların atılması üçün Ermənistanın sülhə məcbur edilməsinə və ona ciddi siyasi-diplomatik təzyiqlərin göstərilməsinə çağırır.

Azərbaycan münaqişənin danışıqlar yolu ilə tezliklə nizamlanmasında və regionda davamlı sülhün təmin edilməsində ən maraqlı tərəfdir. Danışıqlar Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə nətəcələnməsə, Azərbaycan BMT Nizamnaməsində təsbit olunduğu kimi beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək hüququnu özündə saxlayır".

Xəbər lenti
0