BAKI, 29 aprel — Sputnik. Yeni Zelandiyalı fotoqraf Amos Çaple dünyanın ən soyuq kəndindən maraqlı fotolar çəkib.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən məlumat verir ki, Rusiya torpaqlarında Şimal Qütb Dairəsinin 350 kilometrliyində Oymyakon kəndində 1926-cı ildə qeydə alınmış mənfi 71,2 selsi temperatur şimal yarımkürəsində bilinən ən aşağı temperatur sayılır.
Bitki örtüyünün olmadığı bu kənddə marketlərdə balıq və ət məhsulları satılır. Temperaturun —48 qədər düşdüyü bu yerdə balıqlar dükanda çörək kimi yan-yana düzülür. Kənddə cəmi bir mağaza var və hamı hər istədiyini buradan alır.
Günəş şüalarının dondurucu soyuq təbəqəsini keçə bilmədiyi kənddə bu gün 500 nəfər yaşayır. Kənddə avtomobillərin mühərriki sadəcə qarajlarda işə salınır. Qarajdan kənara çıxan avtomobillər yollarda dayanmadan hərəkət etməlidir. Çünki avtomobil haradasa dayansa soyuqdan donar və bir daha işləməyə bilər. Bu yerin adı "donmayan su" kimi tərcümə olunur və bu adı o bölgədə olan isti su bulaqlarından alıb. 1930-cu illərə qədər həmin ərazidə yaşayış olmayıb. Sovet hakimiyyəti dövründə ölkənin şimal-şərqində dəniz səviyyəsindən 750 metr yüksəklikdə olan ərazidə insanların yaşamasına qərar verilib.
Nizamlı qidalanmanın olmamasına baxmayaraq kənd sakinlərinin sağlamlıq problemləri müşahidə edilmir. Bu kənddə uşaqlar da soyuğa öyrənib. Məktəblər hava —52 C olanda bağlanır. Sakinlərin ən sevdiyi iş isə buz bağlamış göllərdə balıq tutmaqdır.