Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, namizədlərin hər hansı birinin prezident seçilməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə heç bir təsir göstərməyəcək: “Fransanın münaqişə ilə bağlı mövqeyini prezidentə məmurlar təqdim edir. Münaqişənin tənzimlənməsində Fransanın vasitəçiliyi onun özü üçün çox vacibdir. Fransada erməni icmasının rəhbəri Murad Papazyan açıq etiraf edir ki, indiki namizədlərin Dağlıq Qarabağ və erməni məsələsinə böyük marağı yoxdur”.
“Bütün tarix boyu Fransadakı ermənilərin nüfuzunun ən aşağı olduğu dövrdür. Olland da digər prezidentlərə nisbətən daha çox ermənipərəst idi. Ancaq biz Fransanın mövqeyini ermənipərəstlikdən uzaqlaşdıra bildik. İndiki namizədlərin içərisində heç Ollandın onda biri qədər ermənipərəst yoxdur. Fransa heç vaxt Dağlıq Qarabağ məsələsində açıq-aşkar ermənipərəst siyasət aparmayacaq, apara da bilməz” – deyə o bildirib.