BAKI, 11 apr — Sputnik. Sankt-Peterburq metrosunda partlayış törədən Əkbərcon Cəlilov 2016-cı ilin dekabrında Türkiyədən deportasiya edilibmiş. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə "Yeni Akit" qəzeti məlumat verib.
Məlumata görə, Cəlilov uzun müddət ölkə ərazisində olub. Yalnız bu məlumdur ki, o, adı "qara siyahı"ya salınandan sonra da yarım il ərzində Türkiyədə qeyri-leqal şəkildə yaşayıb.
Deportasiyadan sonra ona 5 il ərzində Türkiyəyə giriş qadağan edilib. O, Sankt-Peterburqa gedərək orada suşi barında aşbazlıqla məşğul olurmuş. Qəzet Cəlilovun terror qruplaşmaları ilə əlaqələri barədə məlumat verməyib.
Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metrosunun "Sennaya ploşad" və "Texnoloqiçeskiy institut-2" stansiyaları arasında hərəkət edən qatarda partlayış baş verib. Nəticədə 14 nəfər ölüb, 50-yə yaxın adam ağır bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.
Terror aktının Qırğızıstandan olan etnik özbək, 22 yaşlı Əkbərcon Cəlilov tərəfindən əldə düzəldilmiş partlayıcı qurğular vasitəsilə törətdiyi məlum olub. Cəlilov bir neçə il əvvəl Rusiya pasportu əldə edib. Aprelin 7-də Moskvanın Basman məhkəməsində bu terrorun törədilməsində şübhəli bilinən Tacikistan vətəndaşı Sodik Ortikov haqqında iş qaldırılıb.