BAKI, 7 apr — Sputnik. "Son günlər Azərbaycan mətbuatında bizi narahat edən bir məsələ var. Bu, Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvinə dair yayılmış xəbərlərlə əlaqədardır. Burada hansısa qüvvələr Azərbaycan ilə Rusiya arasında olan dostluq münasibətlərinə xələl gətirmək istəyir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov parlamentin plenar iclasında deyib. Millət vəkili bildirib ki, iki ölkə arasında münasibətlər yüksələn xətlə davam edir.
"Azərbaycanda 300-dən artıq rus məktəbi fəaliyyət göstərir. Azərbaycan Ermənistandan başqa bütün qonşuları ilə həmişə münasibətləri saxlamağın tərəfdarı olub" — deputat qeyd edib.
Onun sözlərinə görə, hansısa qüvvələr süni ajiotaj yaratmağa çalışır: "Belə bir məsələnin ortaya atılması vətəndaşlar arasında narazılığa səbəb olub. Bu məsələ müsbət həllini tapmalıdır".