BAKI, 29 mart — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da (3 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 125 dəfə pozub. Sputnik Azərbaycan Müdafiə Nazirliyinin (MN) rəsmi saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, Dovex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı və Kəmərli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.