Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Oqtay Əsədova medal verildi

© Sputnik / Murad OrujovMilli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli
Milli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İclas iştirakçıları Parlamentlərarası İttifaq Assambleyasının 1889-cu il iyunun 30-da keçirilmiş ilk iclasını hər il Parlamentarizm Günü kimi qeyd etmək barədə razılığa gəliblər

BAKI, 28 mart — Sputnik. Martın 27-də Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının (PA) yaz sessiyasının açılışı olub.

Milli Məclisin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yaz sessiyası çərçivəsində MDB PA Şurasının iclası keçirilib. İclas iştirakçıları Beynəlxalq Parlamentarizm Gününün təsis edilməsi, Qırğızıstanda ötən il keçirilən referendumun monitorinqinin nəticələri, habelə MDB ölkələrində 2017-ci ildə keçirilməsi nəzərdə tutulmuş elektoral kampaniyalarda müşahidəçi qruplarının təşkili məsələlərini müzakirə ediblər.

MDB ölkələri parlamentlərinin rəhbərləri Parlamentlərarası Assambleyanın 25 illik yubileyi münasibətilə bəyanat qəbul ediblər. Bəyanatda qeyd olunur ki, MDB PA həm üzv ölkələr arasında ikitərəfli, həm də beynəlxalq təşkilatlarla çoxtərəfli, qarşılıqlı fəaliyyət meydanı kimi beynəlxalq parlament əməkdaşlığının genişləndirilməsi sahəsində böyük potensiala malikdir. Sənəddə MDB PA-nın fəaliyyətinin başlıca istiqaməti kimi insan hüquqları və azadlıqlarının müdafiəsi, dövlət hakimiyyəti orqanlarının formalaşmasına dair seçki kampaniyalarının monitorinqi və digər sahələr göstərilib.

İclas iştirakçıları Parlamentlərarası İttifaq Assambleyasının 1889-cu il iyunun 30-da keçirilmiş ilk iclasını hər il Parlamentarizm Günü kimi qeyd etmək barədə razılığa gəliblər.

Elə həmin gün Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının 46-cı plenar iclası keçirilib.

İclasda çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev MDB ölkələri arasında əməkdaşlığın dərinləşməsinə xüsusi önəm verir. Birlik çərçivəsində qarşılıqlı fəaliyyət üzv ölkələrin parlamentləri arasında əlaqələrin möhkəmlənməsində, iqtisadi tərəfdaşlığın genişlənməsində mühüm rol oynayır.

Oqtay Əsədov mədəniyyət, humanitar, elm, ticarət və digər sahələrdə çoxtərəfli əməkdaşlığın perspektivlərindən də danışıb. Eyni zamanda, Milli Məclisin sədri vurğulayıb ki, təşkilatın fəaliyyətini daha da yaxşılaşdırmaq üçün keçmiş sovet məkanında mövcud olan münaqişələrin həlli məsələlərini ön plana çıxarmaq lazımdır.

İclasda MDB PA Şurasının sədri Valentina Matviyenko Milli Məclisin sədri Oqtay Əsədova MDB PA-nın 25 illik yubileyi medalını təqdim edib.

Tədbir çərçivəsində, həmçinin “Poçta Rossii” şirkətinin buraxdığı MDB PA-nın yubiley poçt markası təqdim olunub.

Həmin gün Milli Məclisin sədri Oqtay Əsədov Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. 

Görüşdə Rusiya ilə Azərbaycan arasında iqtisadi, mədəni, humanitar əlaqələrin intensivliyindən danışan Valentina Matviyenko regionlararası iqtisadi forumun, ölkələrimizin prezidentlərinin himayəsi ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini vurğulayıb. 

Oqtay Əsədov ölkələrimiz arasında yaradılmış möhkəm müqavilə-hüquq bazasının ticari-iqtisadi, kənd təsərrüfatı, yanacaq-energetika, humanitar, mədəniyyət və digər sahələrdə əlaqələrin genişləndirilməsinə imkan verdiyini vurğulayıb. 

Milli Məclisin sədri ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 200-dən çox sənəd imzalandığını bildirib. Spiker əlaqələrin inkişafında Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının, parlamentlərarası dostluq qrupunun və digər qurumların fəaliyyətinin səmərəli olduğunu diqqətə çatdırıb. 

Milli Məclisin sədri Azərbaycanda rus dilinə xüsusi qayğı ilə yanaşıldığını, ölkədə 340-dan çox rus dilində təhsil verən orta məktəbin fəaliyyət göstərdiyini deyib. 

Daha sonra tərəflər parlamentlərarası münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıb, bir sıra aktual məsələləri müzakirə ediblər.

Parlament nümayəndə heyətinin Sankt-Peterburqa səfəri bu gün başa çatır.

Xəbər lenti
0