Ramil İbrahimov, Sputnik Azərbaycan
BAKI, 15 mart — Sputnik. Dünən Novruz bayramının son çərşənbəsi — "Torpaq çərşənbəsi" idi. "İlaxır çərşənbə" də adlandırılan bu çərşənbə baharın gəlişini, havaların isinməsini, təbiətin oyanmasını özündə əks etdirir.
Ömrünün 50-ci novruzunu qarşılayan Əhməd Əhmədov deyir ki, son çərşənbənin adındakı torpaq kəliməsi də torpağın oyanışı, təsərrüfat işlərinin canlanması ilə bağlıdır. Yaşadığı Ağdam rayonunun Çəmənli kəndi təmas xəttinə yaxın yerləşsə də, Ə. Əhmədovun ailəsi çərşənbəni xüsusi qeyd etməkdən çəkinməyib.
Çərşənbədən öncə həyət-baca təmizlənir, qadınlar qovurğa qovurur, şəkərbura-paxlava hazırlanır. Çərşənbə tonqalını isə ailənin ağsaqqalı, Əhməd kişinin atası Kamal dayı öz əlləriylə hazırlayır.
"Bu, el adətidir, tonqalı həmişə evin ağsaqqallı hazırlayır, ailənin digər fərdləri isə tonqala od vururlar. İndiki bayramlar bizim cavanlıq çağlarımızla müqayisədə sönük keçir. Bu fərq keçmişdə ailələrin daha böyük olması, qohumluq əlaqələrinin daha möhkəm olmasıyla bağlı olub" — Ə. Əhmədov deyir.
"Əvvələr ən az 5-6 uşaq olardı ailədə. Amma indi bir və ya iki uşaq olur. Həm də indiki insanlar bizim dövrdəkindən başqadır, bizim uşaqlığımızın oyunları dirədöymə idi, amma indi cavanlar, uşaqlar telefonla, internetlə oynayırlar. Bu da adamların özünə qapanmasına gətirib çıxarır. Virtual dünyaya bağlanıb elə bil real həyatla əlaqəni kəsirlər" — o, əlavə edir.
Müsahibimizin sözlərinə görə, əvvəlki illərlə müqayisədə kənddə bayramların nisbətən sönük keçməsi həm də müharibə ilə əlaqəlidir: "Hər an təmas xəttində gərginliyin yarana biləcəyi, yaşayış məntəqələrinin ermənilər tərəfindən atəşə tutulması ehtimalı var. Bu da kənd sakinlərinin bayram əhval-ruhiyyəsinə təsirsiz ötüşmür. Məcbur qalmadıqca insanlar təhlükəli vaxtlarda evdən çıxmamağa çalışırlar".
"Müharibədən əvvəlki illərdə bayramlar yüksək səviyyədə qeyd olunurdu. Hamı bir-birinə qonaq gedirdi. Qapılar bağlanmazdı. 4-5 evə qonaq gedilərdi, ya da sənə qonaq gələrdilər. Amma indi insanlar özünə qapanırlar" — deyir Əhməd Əhmədov.
Cəbhə xəttində yaşamalarına baxmayaraq, insanlar bacardıqca qədim el adətlərini qoruyub saxlamağa çalışırlar. Ənənəyə görə, hava qaralandan sonra ailə üzvüləri tonqalın üzərindən tullanır. Bununla da köhnə ilin ağırlığını, dərd-sərini üzərindən atılıb tonqalda yandırdıqlarına inanırlar.