BAKI, 14 mart — Sputnik. Rusiyada yeni kosmonavtların seçimi zamanı namizədlərin cinsi və dərisinin rəngi heç bir rol oynamayacaq. Vacib olan yüksək ixtisasa yiyələnməkdir.
Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bunu bu gün “Roskosmos” pilot proqramının icraçı direktoru Sergey Krikalyov bildirib.
Kosmonavtların toplanması kampaniyasına bu gün start verilib.
“Gələcək kosmonavtların seçilməsi zamanı dərinin rənginə fikir verilməyəcək və cinsi bölgü olmayacaq” – deyə Krikalyov bildirib.
Onun sözlərinə görə, yığımın ilkin mərhələsi qiyabi olacaq. Bu mərhələdə sənədlər qəbul olunacaq. Bütün lazımi sənədlərin siyahısı Kosmonavtları hazırlama mərkəzinin saytında dərc olunacaq.
"Namizədin yaşı 35-dək olmalıdır. Namizəd sağlam, ali təhsilli olmalıdır. Növbəti mərhələdə ixtisas, öyrənmə bacarığı, texniki savad yoxlanılacaq" — Krikalyov deyib.