QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Cəsədlərin qoxusu hələ də burnumdadır"

© Sputnik / Mediabanka keçidГражданская война в Таджикистане
Гражданская война в Таджикистане - Sputnik Azərbaycan
Abunə olmaq
Qanlı müharibənin iştirakçısı: "10 gün əsgərlərin meyitini oradan çıxara bilmədik. 10 günə insan nə günə düşərmiş, İlahi!"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 14 mart — Sputnik. 1988-1993-ci illər Azərbaycan üçün ağır bir dövr idi. Sovet rejimindən qurtulmaq, qaçqın və məcburi köçkün ordusu, ağır müharibə, ölkədə siyasi hərcmərclik baş alıb gedirdi. O dövr fərqli idi. Hər kəsin ürəyi bütöv Azərbaycan üçün çırpınırdı.

© Sputnik / Irade JELILQasımov Həbib
Qasımov Həbib - Sputnik Azərbaycan
Qasımov Həbib

Azərbaycan bu illərdə minlərlə şəhid verdi, torpaqlarının 20 faizini itirdi. O illəri şahidlərin dilindən eşitmək daha maraqlı olar deyə, Sputnik Azərbaycan bu dəfə sizlərə həmin illərdə Naxçıvan Muxtar Respublikasının (NMR) Sədərək rayonu əraizisində döyüşməklə yanaşı, həm də döyüşləri lentə alan hərbçini təqim edəcək.

Qasımov Həbib Bəxşəli oğlu 1960-cı il avqustun 3-də, Kəngərli rayonunun Şahtaxtı kəndində (vaxtilə Şərur rayonunun tərkibində olub — red.) dünyaya gəlib. Kasıb bir ailədə doğulub.

© Photo : Şəxsi arxivindənHəbib Qasımov Almaniyada hərbi xidmətdə olduğu illərdə
Həbib Qasımov Almaniyada hərbi xidmətdə olduğu illərdə - Sputnik Azərbaycan
Həbib Qasımov Almaniyada hərbi xidmətdə olduğu illərdə

"Məktəbi bitirəndən sonra texnikuma daxil oldum. Amma bitirə bilmədim. Hərbi mükəlləfiyyətçi kimi Vətənə xidmət bizim borcumuz olub. Almaniyaya getdim, iki illik hərbi xidmətimi başa vurduqdan sonra orada qalıb müddətdən artıq hərbçi kimi çalışdım. Almaniyada xidmət edib qayıtdıqdan sonra həvəskar kameraman olmuşam. Sədərək və Ordubad rayonlarında həm döyüşmüşəm, həm də döyüşləri lentə almışam" — deyə həmsöhbətimiz xatırlayır.

Həbib dayı danışır ki, Buzqovda ermənilərlə danışıqlarda da iştirak edib: "Heydər Əliyev Sədərəkdə birinci zastavada danışığa gedəndə, mən də hazır idim getməyə, amma yarıyoldan qaytardılar geri. Mən Almaniyadan 1991-ci ilin avqustunda qayıtmışam. Həmin dövrdə Heydər Əliyev Naxçıvanda Müdafiə Komitəsi yaratmışdı. Mən də Müdafiə Komitəsinə gəldim və orada bir müddət anbar rəisi kimi fəaliyyət göstərdim. Həm əsgərlər üçün yemək hazırlayırdım, həm anbara baxırdım, həm döyüşürdüm, həm də prosesləri lentə alırdım. Həmin dövrlərdə Müdafiə Komitəsinin sədri Elman Abbasov idi. Biz tez-tez Heydər Əliyevlə görüşürdük".

© Photo : Şəxsi arxivindənSədərək və Ordubad rayonlarında həm döyüşmüşəm, həm də döyüşləri lentə almışam
Sədərək və Ordubad rayonlarında həm döyüşmüşəm, həm də döyüşləri lentə almışam - Sputnik Azərbaycan
Sədərək və Ordubad rayonlarında həm döyüşmüşəm, həm də döyüşləri lentə almışam

H. Qasımovun sözlərinə görə, həmin dövrlərdə heç kimdə qorxu hissi olmayıb: "İndi də əsgərlərdə qorxu yoxdur. Bunu bizə aprel döyüşləri də sübut etdi. O zaman silah da yox idi. Əsgər irəli gedə bilmirdi. Mən Almaniyadan gələndə, Müdafiə Komitəsinə silahı ilk dəfə Türkiyədən gizli yolla gətirmişdilər. Camaatı silahlandırmışdılar".

"Çox zaman təkrar edilən "hərbçilərin həyatı çətin olur" ifadəsi ilə razı deyiləm. Çünki heç bir çətinlik görməmişəm. Ömrümün yarısı müharibə şəraitində keçsə də, buna alışmışam. Müharibəyə də alışırsan, qorxmursan ki, vurarlar. Mənim özümü saatlarla səngərdə oturdublar, qoymayıblar çıxım. Onlar yüksəklikdə idi, biz aşağıda. Görürdülər çəkirəm, atırdılar. Qoymurdular çıxım. Sonra "ya bəxt" deyib çıxmışam. Arxamca da atıblar" — müsahibimiz əlavə edir.

H. Qasımov danışır ki, "OMON"un vaxtında da xeyli çəkiliş edib: "Türkiyədən çəkiliş üçün kameraman gəlmişdi, qorxusundan getmədi. Mənə kamerasını verdi, getdim çəkdim. Həmin dövrlərdə hər gün atışma var idi, hər gün şəhid var idi. Yadıma gəlir: aprelin 16-sı, ya da 17-si idi. Həmin gün Sədərəkdən zəng gəldi. Gecə ilə getdim ora. Ermənilər yüksəklikdə idilər. Sədərəyi həmin yüksəklikdən kanal ayırırdı. Ermənilər artıq aşağıya enirdilər. Getdik gördük ki, bizim uşaqlar döyüşə-döyüşə onları geri atıb və postu alıblar".

© Photo : Şəxsi arxivindənHəmin dövrlərdə heç kimdə qorxu hissi olmayıb
Həmin dövrlərdə heç kimdə qorxu hissi olmayıb - Sputnik Azərbaycan
Həmin dövrlərdə heç kimdə qorxu hissi olmayıb

"İndi həmin o "Mil" deyilən post ermənilərdədir. O postla bizim postun arası heç 30 metr yoxdur. Həmin döyüşlər zamanı 18 əsgər şəhid olmuşdu, qalmışdı erməni tərəfdə. 10 gün əsgərlərin meyitini oradan çıxara bilmədik. 10 günə insan nə günə düşərmiş, İlahi! Dəhşət! Mən onları çəkəndə, özümü o qədər pis hiss edirdim ki, dilə gətirmək mümkün deyil. Həmin vaxtlar orada Talıb adlı bir "starşı" vardı. Ona dedim ki, mənə bir nəfər verin, gedim həmin əraziləri gecə ilə çəkim. Vermədilər. Danışıqlardan sonra mən də çəkməyə getdim. Gördüm ki, şəhidlərin hərəsini bir tərəfdən götürürlər. Sonra gəldim Talıbla sözləşdim ki, sən şərait yaratsaydın, biz onları çıxarardıq. Heç olmasa, üz-gözləri çürüməmiş olardı" — Həbib kişi danışır.

Keçmiş döyüşçünün sözlərinə görə, həmin şəhidlərin meyitlərini Şərur xəstəxanasının həyətinə gətiriblər: "Anaların hönkürtüsü yadımdan çıxmayıb, cəsədlərin qoxusu hələ də burnumdan getməyib! O iyi indi də hiss edirəm! Elman Abbasov ora gedəndə, az qala onu öldürəcəkdilər. Əslində onun günahı yox idi. Çünki müharibə idi. Qayıdanda gördüm ki, türklər oturublar mənim çadırımın yanında. Çəkilişi soruşdular. Dedim, "Çəkmişəm. Amma icazə verin yuyunum, cəsədlərin qoxusu canıma çöküb". Həmin dövrdə ruslar hələ də burada idilər. Paltarımı dəyişəndən sonra yenidən qayıtdım Sədərəyə. 1994-cü ildə Mehri ilə Ordubad arasında Kilitdə olmuşuq. Orada dəmiryolun altını qazıb gecə ilə birinci postu biz qoymuşuq".

Müharibə veteranı olan H. Qasımov danışır ki, bütün döyüşlərdən çəkilişlər etsə də, əlində tək bir kaset qalıb. Üstəlik, çox döyüşlərə şahid olsa da, hamısı yadında qalmayıb: "Mən Naxçıvanda Azərbaycanın ilk hərbi paradını çəkmişəm".

Həmsöhbətimiz hazırda da ambardar işləyir. Ancaq indi Bakıda. 2008-ci ildə Bakıya gəlib. İki oğlu ilə burada yaşayır. Deyir ki, o illərin ağrı-acısı hələ də canından çıxmayıb. Hərdən həmin anlar gözləri önünə gəlir. Unutmaq mümkün olmasa da, Həbib dayı şükür edir ki, Azərbaycan artıq o ağrılı günləri geridə qoyub.

"Artıq düşmənə qarşı əliyalın, silahsız çıxdığımız günlər tarixə qovuşub. İndi ordumuz müasir silahlarla silahlanıb, indi gənclərimiz daha qorxmazdır" — deyir…

Xəbər lenti
0