BAKI, 12 mart – Sputnik. Rusiyanın Baş naziri Dmitri Medvedevin Türkiyəyə məxsus kənd təsərrüfatı məhsullarına tətbiq edilən sanksiyaları ləğv etdiyinə dair məlumatı vermişdik. Medvedevin bu qərarı telefonda danışığı zamanı türkiyəli həmkarı Binəli Yıldırıma şəxsən çatdırdığı qeyd olunub.
Cümə günü isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşüb. Görüş hər iki ölkənin Baş Qərargah rəhbərləri və nazirlər də daxil olmaqla, geniş tərkibdə keçirilib.
Görüşlə bağlı şərh verən tanınmış türk strateq Mətin Gürcan Almaniyanın “Deutsche Welle” qəzetinə maraqlı dəyərləndirmə edib. Strateqin iddiasına görə, Ankara Rusiya və ABŞ arasında seçim eləməyə məcbur qalacaq.
Mətin Gürcan Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə dair planlarının nə olduğunu yazıb: "Türkiyənin həm Vaşinqtonu, həm də Moskvanı idarə etmək, yola vermək şansları getdikcə azalır. Putin də məhz buna oynayır. Ankara əvvəl-axır bu iki super güc arasında seçim eləməyə məcbur olacaq. Putinin də məqsədi bu seçimin Rusiya olmasıdır”.
“Vladimir Putin Türkiyəni niyə qazanmaq istəyir? Çünki Türkiyəni strateji müttəfiqdən daha çox, troya atı kimi görür. Çünki NATO və Qərb blokunu Türkiyənin vasitəsilə sarsıtmaq və böhrana salmaq istəyir. Əgər Putin, Türkiyəni NATO-dan uzaqlaşdırmağı bacarsa, bu Rusiya üçün böyük uğur sayılar. Rusiya, Qərb blokunu struktur böhranına soxmaq istəyir, Ərdoğan da bu blokun əsasını təşkil edən Avropa İttifaqına və ABŞ-a meydan oxumaqda davam edir, yəni Rusiyanın görmək istədiyini edir. Mövcud vəziyyət Moskva üçün göydəndüşmə bir fürsətdir. Rusiyanın əli güclənir, ancaq tamamilə duyğusal irəliləyən Türkiyə xarici siyasəti çətinə düşür. Ankara bu cür siyasətdən uzaqlaşmalıdır” — Gürcan bildirib.
“Ərdoğan-Putin görüşündən sonra iki ölkə arasında vacib sənədlərin imzalanacağını gözləyirəm”. Bunu isə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Slavyan Universitetinin professoru, siyasi şərhçi Oqtay Sadıxzadə deyib. Onun sözlərinə görə, iki ölkə münasibətləri tarixdə heç olmadığı qədər yüksək sürətlə inkişaf edir.
“Son dövrlər Rusiya-Türkiyə münasibətləri yüksək sürətlə inkişaf edir. Artıq 20 gün əvvəl Rusiya prezidenti Vladimir Putin “Türk axını” layihəsini təsdiqləyən imzanı atıb. Həmçinin Türkiyə ərazisində Rusiya tərəfindən “Akkuyu” atom elektrik stansiyasının tikilməsi layihəsinə də start verilib. O cümlədən kənd təsərrüfatı məhsulları, yüngül sənaye, tekstil və digər məhsulların Rusiya ərazisində satışına hərtərəfli şərait yaradılacağına dair fərman imzalanıb. Müvafiq olaraq, rus şirkətlərin Türkiyə ərazisində işgüzar fəaliyyətinə hər cür yardım göstəriləcəyi ilə bağlı Ankara zəmanət verib. Bugünkü Ərdoğan-Putin görüşündən sonra da iki ölkə arasında vacib sənədlərin imzalanacağını gözləyirəm” – Oqtay Sadıxzadə qeyd edib.