BAKI, 11 mart — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev martın 11-də ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskontini, İqor Popovu, Riçard Hoqlandı və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Andjey Kaspşiki qəbul edib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Rusiyalı həmsədr İqor Popov bildirib ki, Minsk qrupunun tərkibində ABŞ və Fransadan yeni həmsədrlərin olmasına baxmayaraq, təmsil etdikləri ölkələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeləri dəyişməz qalır və həmsədr ölkələr tezliklə əsaslı sülh danışıqlarının başlanmasını istəyirlər.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.