Ramil İbrahimov, Sputnik Azərbaycan
BAKI, 2 mart — Sputnik. Ağdam rayonunun Təzəkənd kəndi cəbhə xəttinin yaxınlığında yerləşir. Atəşkəsin intensiv pozulduğu son həftə ərzində Ağdam istiqamətində, təmas xəttindəki partlayış səsləri, əsasən bu kəndin ərazsində eşidilib.
Sakinlərin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, bu gün səhər saat 10 radələrindən etibarən Ermənistan tərəfi yenidən artilleriya silahlarından istifadə etməklə atəşkəsi pozub. Atılan mərmilər kəndin yaşayış olan hissəsinə düşmədiyindən dağıntı baş verməyib.
"Saat 10-11 arası ermənilər daha intensiv şəkildə atəş açmağa başladılar. Həmin vaxt tarlada işləyirdik. İşi dayandırdıq, ərazidən uzaqlaşdıq ki, birdən mərmilər sahəyə düşər. Sonra atəş səsləri nisbətən səngidi və biz tarlaya qayıtdıq. Demək olar, hər gün bu vəziyyətdə yaşayırıq" — kənd sakini Faiq Abbasov deyir.
Kəndin yaşayış olan hissəsi bir qədər uzaqda olsa da, əkin və otlaq sahələri birbaşa cəbhə xəttinin yaxınlığında yerləşir. Əsas gəliri torpaqdan olan kənd sakinləri günün çox hissəsini təsərrüfat işləri ilə məşğul olmaqla keçirirlər. Buna görə də, qarşı tərəf kənddə baş verənləri aydın müşahidə edə bilir.
Əsas təhlükə də buradadır. Ermənilər əvvəllər də bir neçə dəfə sahədə işləyən əhalini atəşə məruz qoyublar. Həmsöhbət olduğumuz kənd sakini Namiq Hüseynov deyir ki, burada işləmək, yaşamaqdan daha çətindir: "Ermənistan tərəfi atəşkəsi mütəmadi pozduğundan, vaxtlı vaxtında əkdiyimiz məhsulu becərə bilmirik. Nəticədə kəndlinin min bir əzab-əziyyətlə yetişdirməyə çalışdığı məhsul ya zay olur, ya da ancaq çəkilən xərci çıxarmaq mümkün olur".
"Kəndin yaşayış olan hissəsində elə də ciddi təhlükə yoxdur. Əsas gərginlik yuxarı hissədə — əkin-biçin sahəsindədir. Artıq bu vəziyyətə öyrəşmişik. Kənddə uşaqdan böyüyə hamı yerindədir" — Namiq Hüseynov deyir.
Təmas xəttində sükut saat 12.00 radələrinə doğru bərpa olundu. Ümumilikdə isə atəşkəsə dair müqavilənin imzalanmasından bu günə qədər Ermənistan ordusunun açdığı atəş nəticəsində Ağdam və Tərtər rayonları ərazisində 100-ə yaxın mülki şəxs yaralanıb, 30 nəfərdən çox dinc sakin dünyasını dəyişib.