BAKI, 23 fev-Sputnik. Zaman ötdükcə, Yerevan rəsmiləri müxtəlif məntiqə uyğun olmayan ifadələr səsləndirirlər və bu, dalana dirənən bir siyasətin nəticəsidir.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Fikrət Sadıxov Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın xalqların öz müqəddəratını təyinetmə prinsipi ilə bağlı söylədiklərinə münasibət bildirərkən deyib.
F.Sadıxov deyib ki, bu, insan haqları ilə heç bir əlaqəsi olmayan bir məsələdir: "Bunu BMT-nin Təhlükəsizlik Şurası vaxtilə müzakirə edib, 4 qətnamə qəbul edib. Digər beynəlxalq təşkilatlar da bunu müzakirə edib qərarlarını veriblər. Azərbaycanın ərazi bütövlüyü bütün dövlətlər və beynəlxalq strukturlar tərəfindən tanınır. Bu, insan haqları ilə tamamilə heç bir əlaqəsi olmayan bir məsələdir".
Politoloqun sözlərinə görə, Helsinki Aktında konkret yazılıb ki, xalqların öz müqəddəratını təyinetmə məsələsi ölkənin ərazi bütövlüyünə zidd olmamalıdır:
"Bu, tam hüquqi və siyasi bir məsələdir. Burada yeni bir şey yoxdur. Nalbandyan özünü aldatmasın. Hamı hər şeyi dərk edir, başa düşür".
Politoloq İlqar Vəlizadə isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, cəbhə xəttində yenə də gərginlik müşahidə olunur: "Son 2-3 həftə ərzində burada mütəmadi olaraq təxribatlar baş verib. İndi Ermənistanın siyasi rəhbərliyi tərəfindən belə qeyri-adi, təhlükəli, eyni zamanda, təxribat xarakterli bəyanatlar səsləndirilir".
Politoloq düşünür ki, Nalbandyanın belə bir fikir səsləndirməsinin əsas səbəbi Ermənistanda aprel ayında keçiriləcək seçkilərdir: "Hazırda Ermənistanın hakim dairələrinin mövqeləri çox zəifləyib. Bunun da əsas səbəbi keçən il baş verən aprel döyüşləri və onun nəticələridir. Bir çıxış yolu kimi cəmiyyətin diqqətini yayındırmaq, yenə də cəbhədə gərginlik yaratmaq qalıb. Seçkilər ərəfəsində bu gərginlik imkan verəcək ki, mövcud Ermənistan iqtidarı daxili səhnədə müxtəlif vasitələrə əl ataraq öz mövqelərini saxlasın".
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Almaniyanın "Deutsche Welle" radiosuna açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin əsasında ərazi iddialarının deyil, insan haqlarının dayandığını deyib.