BAKI, 17 fev — Sputnik. 1992-ci il fevralın 17-də Azərbaycanın Müdafiə Nazirliyinin rəhbərliyində növbəti dəyişiklik olub.
Daşaltı (26 yanvar) faciəsinin günahkarı hesab edilən Təcəddin Mehdiyev Xocavəndin Qaradağlı kəndi də itirildikdən sonra müdafiə naziri vəzifəsindən azad edilib.
Bu vəzifənin müvəqqəti icrası nazirin 1-ci müavini, Baş Qərargah rəisi Şahin Musayevə tapşırılıb. Azərbaycanın Qarabağdakı itkilərində xüsusi "rolu" olan general Şahin Musayev 1992-ci ilin mayında Şuşanın işğalından sonra ölkədən qaçdı.
Tacəddin Mehdiyev özü şəxsən 1992-ci il, 25 yanvar tarixində Daşaltı kəndini erməni işğalından azad etmək üçün baş tutmuş əməliyyata rəhbərlik edib. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edirdi. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, onların böyük əksəriyyəti hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib.