BAKI, 16 fev — Sputnik. ABŞ Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danford və Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Bakıda keçirdikləri görüşdə iki ölkənin hərbi fəaliyyətinin təhlükəsizliyinin artırılması, gərginliyin və insident risklərinin azaldılması üzrə işlərin istiqamətini müəyyən ediblər. Bu barədə Sputnik Azərbaycan Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat verir.
"Ordu generalı Valeri Gerasimov və general Cozef Danford Rusiya-ABŞ münasibətlərinin hazırkı vəziyyəti, Avropa, Yaxın Şərq, Şimali Afrika və dünyanın digər həlledici bölgələrində beynəlxalq təhlükəsizliyə təhdidlər barədə fikir mübadiləsi ediblər. Hərbi fəaliyyətinin təhlükəsizliyinin artırılması, gərginliyin və insident risklərinin azaldılması üzrə işlərin istiqaməti müəyyən edilib" — məlumatda bildirilir.
Məlumatda görüşdə əlaqələrin davam etdirilməsi barədə razılığın əldə olunduğu vurğulanır.