Ramil İbrahimov, Sputnik Azərbaycan
Bu gün xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin nümayəndələrinin Cəbrayılın işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfəri təşkil edilib. Səfər Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə həyata keçirilib.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, 60 ölkənin nümayəndələrinə 23 il əvvəl işğal edilmiş kəndin dağıdılması barədə məlumat verilib. Xarici diplomatlar ANAMA-nın hərbi sursatla çirklənmiş Cocuq Mərcanlı kəndi ərazisində həyata keçirdiyi təmizləmə əməliyyatları ilə tanış olublar. İlkin mərhələdə 10 ha ərazidə həyata keçirilən təmizləmə əməliyyatlarının 60%-i artıq başa çatıb. ANAMA tərəfindən təmizləndiyinə təminat verilən yerlərdə artıq ilkin inşaat işləri aparılır. 50 yerlik məktəb binasının təməlinin hazırlaması üçün qazıntı işlərinə başlanıb.
Səfər çərçivəsində xarici qonaqlar Cocuq Mərcanlının yeganə sakinləri olan Həziyevlər ailəsinə də baş çəkiblər. Qonaqlara ərazinin tamamilə hərbi sursatlardan təmizlənməsi prossesinin yaxın iki ay ərzində başa çatacağı bildirilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, ilkin mərhələdə kənddə 50, sonra daha 150 evin inşasına başlanacaq. Komitə sədri bunu böyük qayıdışın başlanğıcı kimi qiymətləndirib.