BAKI, 10 fev – Sputnik. Fevralın 9-da Rusiyanın Bakıdakı səfirliyinin konsulluq şöbəsinin əməkdaşları Belarusdan ölkəmizə ekstradisiya olunmuş bloqçu Aleksandr Lapşinlə görüşüblər. Bu barədə Sputnik Azərbaycan-a səfirlikdən məlumat veriblər.
"Lapşin saxlanma şəraitindən şikayətlənmir. O vəkillə təmin olunub və telefondan istifadə etmək imkanı var. Özünü normal hiss edir" — səfirlikdən bildiriblər.
Məlumata görə, Aleksandr Lapşinin məhkəməsi yaxın vaxtlarda olacaq.
Qeyd edək ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.