BAKI, 10 fev — Sputnik. İş adamları başda olmaqla, bəzi Türkiyə vətəndaşları üçün viza rejiminin asanlaşdırılması üçün Rusiya və Türkiyə rəsmiləri arasında görüş olacaq. Sputnik Azərbaycan Türkiyənin "Milliyet" qəzetinə istinadə xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Aleksandr Xarçenko bu açıqlamanı verib.
"Türkiyə ilə konsulluq məsələlərinə dair ətraflı yığıncaq keçirməyi planlaşdırırıq. Əsas mövzulardan biri bəzi türk vətəndaşları kateqoriyaları üçün viza rejiminin asanlaşdırılmasıdır" — deyə rus rəsmi bildirib.
Xarçenko sonda əlavə edib: "Təbii ki, vizaların tamamilə qaldırılması çox yaxın zamanda olmayacaq, lakin bu mövzunun üstündən sonsuza qədər xətt çəkildiyini söyləmək doğru olmaz. Hal-hazırda Ankara ilə təmaslarımız yalnız Xarici İşlər Nazirliyi səviyyəsində deyil, hərbi, hətta xüsusi xidmət orqanları səviyyəsində də davam edir. Bunların nəticə verməsinə ümid edirəm. O zaman vizasız gediş-gəliş mövzusuna baxacağıq".