BAKI, 9 fev-Sputnik. Bu gün Rusiya hərbi təyyarəsi Suriya ərazisində Türkiyə hərbi kontingentinin olduğu binaya zərbə endirib. Sputnik Türkiyə xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb.
Açıqlamada deyilir ki, "Fərat Qalxanı Hərəkatı bölgəsində, 9 fevral saat 08:40 radələrində Rusiya Federasiyasına aid döyüş təyyarəsi İŞİD hədəflərinə yönəlik hava əməliyyatı zamanı səhvən türk əsgərlərinin qaldığı Türkiyə Silahlı Qüvvələrinə (TSK) aid binanı bombalaması nəticəsində 3 əsgərimiz həlak olub, biri ağır olmaqla 11-i yaralanıb. Yaralı əsgərlərimiz təcili olaraq xəstəxalara çatdırılıb."
TSK Baş Qərargahının açıqlamasında hadisənin pilotun səhvi ucbatından baş verdiyi qeyd olunub: "Rusiya Federasiyasının səlahiyyətli şəxsləri olayın bir qəza olduğunu deyərək üzüntülərini və başsağlığı diləklərini çatdırıblar. Hər iki tərəf hadisə ilə bağlı araşdırma aparır. Bundan başqa, Rusiya Federasiyasının prezidenti hörmətli Vadimir Putin prezidentimiz, hörmətli Rəcəb Tayyib Ərdoğana kədərini bildirib və başsağlığı verib".
TSK baş vermiş faciə ilə əlaqədar şəhidlərin ailələrinə başsağlığı verib, yaralılara isə şəfa diləyib.