QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Möhtəşəm dönüşün başlanğıc nöqtəsi — Cocuq Mərcanlı

© Sputnik / Fuad HasanovOqtay Həziyev
Oqtay Həziyev - Sputnik Azərbaycan
Abunə olmaq
Oqtay Həziyev: "Ötən ilin aprelinə qədər evimizə hər gün atəş açılırdı. Lələtəpənin işğaldan azad olunmasından sonra vəziyyət dəyişdi".

BAKI, 8 fev — Sputnik. 1994-cü ildən Azərbaycanın nəzarətində olsa da, bu kənddə yaşayış, demək olar ki, yox idi. Sadəcə 7 nəfərdən ibarət bir ailə burada qalaraq, 23 il düşmən snayperinin hədəfində, təhlükə altında yaşayışını davam etdirirdi. Ta ki, Azərbaycan ordusu strateji yüksəkliyi — Lələtəpəni geri qaytaranadək.

Ötən ilin aprel döyüşlərində əsgərlərimizin canları bahasına geri qaytardıqları bu yüksəklik kəndə qayıdışa ümid yaratdı. Çünki düşmən ordusunun snayperləri Cocuq Mərcanlını və digər əraziləri məhz bu yüksəklikdən hədəf alırdı. Və məhz bu təhlükə ucbatından, kənd insanı öz torpağında rahat yaşaya bilmirdi.

© Sputnik / Fuad Hasanovİndi Cocuq Mərcanlıda bir ailə varsa, yaxın aylar ərzində bu ailələrin sayı artacaq.
İndi Cocuq Mərcanlıda bir ailə varsa, yaxın aylar ərzində bu ailələrin sayı artacaq. - Sputnik Azərbaycan
İndi Cocuq Mərcanlıda bir ailə varsa, yaxın aylar ərzində bu ailələrin sayı artacaq.

Amma bu gün hər şey dəyişib və artıq geri qayıtmaq vaxtıdır. Çünki kəndə tam nəzarət ordumuzun əlindədir. Necə ki, bu barədə dünən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacızadə Sputnik Azərbaycan-a məlumat verib. Əməkdaşlarımızın da aralarında yer aldığı xarici KİV nümayəndələri ilə birgə Cocuq Mərcanlıya gedən H. Hacızadə, kənddə yaşamaq üçün heç bir təhlükə qalmadığını deyib.

"İndi Cocuq Mərcanlıda bir ailə varsa, yaxın aylar ərzində bu ailələrin sayı artacaq. Hazırda ərazinin minadan tamamilə təmizlənmə işləri aparılır. Amma yaşayış üçün lazım olan ərazidə artıq mina yoxdur" — Hacıyev bəyan edib.

Bu gün sadəcə bir ailənin yaşadığı, az qala bütün evlərin xarabaya döndüyü kəndin bərpası üçün Prezidentin Ehtiyat Fondundan 4 milyon manat ayrılıb. Hökumət, kəndin ətrafı minalardan təmizlənəndən sonra ilk mərhələdə 50 ev, bir məktəb və səhiyyə ocağı inşa edəcək. İlin sonuna qədər layihənin ilk mərhələsinin tamamlanması və 50 ailənin kəndə yerləşdirilməsi planlaşdırılır. Daha sonra Azərbaycan-Ermənistan cəbhə xəttindəki qarşıdurmalar səbəbindən kəndi tərk etməyə məcbur qalan və bu gün kəndə qayıtmaq istədiyini bildirən 190 ailə üçün evlər tikəcək.

Cocuq Mərcanlının bərpası ilə bağlı rəsmi şəxslərin işlətdiyi "Böyük Qayıdışın Başlanğıcı" ifadəsi cəmiyyətdə xüsusilə xoş əhval-ruhiyyə yaradıb. Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyevin "Qaçqınların bura dönüşünü, gələcəkdəki böyük dönüşün başlanğıcı olaraq qəbul edə bilərik" açıqlaması yerli və xarici KİV-lərdə manşet xəbər kimi yer alıb.

23 ildir atəş altında yaşayan, kənddə qalan yeganə ailənin başçısı Oqtay Həziyev Sputnik Azərbaycan-a açıqlamasında yaşananlardan qürur duyduğunu bildirib. Yeddi nəfərlik ailənin başçısı deyib ki, ordumuzun şücaəti sayəsində artıq çətin günlər geridə qalıb.

"Ötən ilin aprelinə qədər evimizə hər gün atəş açılırdı. Lələtəpənin işğaldan azad olunmasından sonra vəziyyət dəyişdi. İndi sakitçilikdir. Yeni evlər inşa ediləcəyini eşitdik. Bütün qohum və qonşuları səbrsizliklə gözləyirik" — O. Həziyev bildirib.

Yaxınlıqdakı Qazaxlar kəndindən Cocuq Mərcanlıya dostunu görməyə gəldiyini deyən Afiq Namazov, ordumuzdan yeni zəfərlər gözlədiklərini açıqlayıb: "İnsanın içi yanır o dağlara tərəf baxanda. Öz torpağın olan Qarabağa, Cəbrayıla uzaqdan baxıb, ora gedə bilməmək nə deməkdir, bilirsiniz?! Ona görə də, Lələtəpədə əldə olunan uğura sevinib dayanmamalıyıq. Bu qələbə ruhunu qorumalı, daha da irəli getməliyik".

O. Həziyevin həyat yoldaşı Minarə Həziyeva əməkdaşımızla söhbətində göz yaşlarına hakim ola bilməyib. O, dünyadan köçmədən Qarabağı azad görmək istədiyini dilə gətirib.

Xəbər lenti
0