BAKI, 7 fev — Sputnik. Cocuq Mərcanlı ərazisi bütün torpaq sahəsi ilə bir yerdə tamamilə Azərbaycan ordusunun nəzarətindədir. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında deyib.
"İndi Cocuq Mərcanlıda bir ailə varsa, yaxın aylar ərzində bu ailələrin sayı artacaq. Hazırda ərazinin minadan tamamilə təmizlənmə işləri aparılır. Amma yaşayış üçün lazım olan ərazidə artıq mina yoxdur" — Hacıyev bəyan edib.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) nümayəndəsi Feyruz Mahmudov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ANAMA-nın əməkdaşları müntəzəm olaraq ərazidədirlər. Yaşayış yerlərini tamamilə minalardan təmizləyiblər. Hazırda bəzi ətraf əkin sahələri qalıb. Əlavə torpaq sahələri də hazırda minalardan təmizlənir.
Qeyd edək ki, bu gün Azərbaycanda akkreditə olunmuş bəzi xarici Kütləvi İnformasiya Vasitələri (KİV) nümayəndələrinin Cocuq Mərcanlıya səfəri təşkil olunub.
Sputnik Azərbaycan-ın əməkdaşlarının da qatıldığı səfər, Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncamdan irəli gələrək, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunub.