BAKI, 5 fev — Sputnik. Qondarma "DQR"-in "birinci instansiya məhkəməsi" Azərbaycan vətəndaşı Elnur Hüseynzadənin 2 ay müddətinə həbsi barədə qərar verib. Bu barədə Sputnik Ermənistan məlumat verir.
Hüseynzadəyə qarşı "təxribat cəhdi" və "sərhəddi qanunsuz keçmə" ittihamları irəli sürülüb.
Məlumata əsasən, "məhkəmə prosesi" qapalı olub və orada Hüseynzadə öz vəkili və tərcüməçisi ilə iştirak edib.
Daha öncə erməni mətbuatı döyüş nəticəsində Azərbaycan ordusunun hərbçisi 1995-ci il təvəllüdlü, Bərdə rayonunda anadan olmuş Elnur Hüseynzadənin əsir düşməsi barədə məlumat yaymışdı. Azərbaycan Müdafiə Nazirliyi isə erməni mətbuatının yaydığı xəbərə aydınlıq gətirmişdi. Qurumun mətbuat xidmətindən bildirilmişdi ki, cəbhə xəttində heç bir aktiv döyüş toqquşması baş verməyib. Erməni tərəfinin yaydığı xəbərdə adı çəkilən Elnur Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil.