BAKI, 26 yan — Sputnik. "Ermənistan Silahlı Qüvvələri hərbi tibb idarəsinin rəisi Kamavor Xaçatryanın ordularındakı yaralılar barədə verdiyi rəqəmlər obyektivliyi qətiyyən əks etdirmir". Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.
"Yalnız aprel hadisələri zamanı döyüşlərdə 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Hətta bəzi erməni müstəqil hərbi ekspertləri də Azərbaycan tərəfinin səsləndirdiyi bu rəqəmlərin daha çox həqiqətə uyğun olduğunu çıxışlarında dolayısı ilə təsdiqləyiblər" — məlumatda bildirilir.
MN qeyd edir ki, hazırda aprel döyüşləri zamanı ağır yaralanan 150 nəfərədək erməni hərbi qulluqçusunun Ermənistanın müxtəlif hərbi tibb müəssisələrində və bir sıra xarici ölkələrdə müalicəsi davam edir: "Onu da əlavə edək ki, cari ilin hələ sona çatmayan yanvar ayı ərzində Ermənistan silahlı qüvvələrinin itkilərinin sayı artıq 10 nəfəri keçib".