Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rus nazirin atasının qəbri Saatlıda aşkarlandı

© Sputnik / Kamal AlmuradlıSergey Yemelyanoviçin baxımsız məzarı
Sergey Yemelyanoviçin baxımsız məzarı - Sputnik Azərbaycan
Abunə olmaq
Küknar ağacı ilə birgə dəmir çərçivəyə alınmış məzarın üstünü və ətrafını vəhşi otlar basıb

Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan

BAKI, 26 yan — Sputnik. Qarabağ uğrunda gedən savaşda şəhid olmuş, milliyətcə rus olan gəncin məzarının şəklini çəkmək üçün Saatlı şəhərindəki "rus qəbiristanlığı"na getmişdim. Mətbuat nümayəndəsi olduğumu bilən nəzarətçi dedi: "Gəlmişkən burada başqa bir rusla da maraqlan. O, çox tanınmış bir adamın atasıdır".

© Sputnik / Kamal AlmuradlıSergey Yemelyanoviçin məzarı. Lövhədə rus dilində "İvanov Sergey Yemelyanoviç, vəfat tarixi – 1975" sözləri yazılıb.
Sergey Yemelyanoviçin məzarı. Lövhədə rus dilində İvanov Sergey Yemelyanoviç, vəfat tarixi – 1975 sözləri yazılıb. - Sputnik Azərbaycan
Sergey Yemelyanoviçin məzarı. Lövhədə rus dilində "İvanov Sergey Yemelyanoviç, vəfat tarixi – 1975" sözləri yazılıb.

Qəbiristanlığın yuxarı başına tərəf gedirik. Amma məzarlar arasındakı dar "dəhlizdə" adam boyu qamış qalxdığından axıradək irəliləmək olmur. Nəzarətçi bel gətirir, küknar ağacı ilə birgə dəmir çərçivəyə alınmış məzarın üstünü və ətrafını vəhşi otlardan təmizləyəndə "baş ağacı"ndakı paslı lövhədən bu sözlər oxunur: "İvanov Sergey Yemelyanoviç, d. s. 1975".

"Çox tanınmış" ifadəsinə görə ağlımıza ilk gələn bu oldu: S. Y. İvanov, Rusiyanın sabiq xarici işlər naziri İqor Sergeyeviç İvanovun atası olmaya?..

— Hə, özüdür ki, var! — nəzarətçi ehtimalı təsdiqləyir — Sergey Yemelyanoviçi yaxından tanıyanların əksəriyyəti vəfat edib. Amma sağ qalanlar da var.

© Sputnik / Kamal AlmuradlıSergey Yemelyanoviçin yaşadığı ev.
Sergey Yemelyanoviçin yaşadığı ev. - Sputnik Azərbaycan
Sergey Yemelyanoviçin yaşadığı ev.

"O, şən, zarafatçıl və kövrək adam idi…"

Soraqlaya-soraqlaya mərhum S. İvanovun yaşadığı, 1926-cı ildə dəmiryolçular üçün tikilmiş binanı tapırıq. Sakinlərdən biri, 1929-cu il təvəllüdlü Müzəffər Məmmədovdan öyrənirik ki, onlar eyni müəssisədə — Saatlı dəmir yolu stansiyasında işləyiblər: "Mən 1964-cü ildə bura gəlmişəm, bu binaya isə 1967-ci ildə köçmüşəm. Buradakı mənzillər ilk vaxtlar yol idarəsinin rəisi, onun müavini və baş mühəndis üçün nəzərdə tutulmşdu, artıq özəlləşdirilib. Sergey mühəndis olduğundan Saatlıya gələndə ailəsi ilə burada yerləşdirilib. Mən işləyən vaxtlarda o, təqaüddə idi".

© Sputnik / Kamal AlmuradlıMüzəffər Məmmədov
Müzəffər Məmmədov - Sputnik Azərbaycan
Müzəffər Məmmədov

"Müharibə dövründə Sergey dağılan dəmir yolu infrastrukturunun bərpasında iştirak edib. 1943-cü ildə bu sahə hərbləşdirilmişdi. O, dəmiryolu "voyska"sında xidmət keçib və zabit rütbəsi alıb. Bura necə gəlib çıxmağını dəqiq bilmirəm. Çox güman ki, yerli mütəxəssis olmadığından, Tbilisidən (o vaxtlar üç Zaqafqaziya respublikasının dəmir yolu oradakı idarənin tabeliyində olub) Saatlıya göndərilib. Bundan başqa, o, "raykom"un Büro üzvü idi, tez-tez ictimai tədbirlərə dəvət edilirdi" — Sputnik Azərbaycan-ın müsahibi danışır.

Müzəffər kişi Sergey İvanovun təbiətcə qapalı olduğunu, buna görə onun şəxsi həyatı ilə bağlı çox şeyi bilmədiyini deyir: "Bayramlarda, övladlarımızın ad günlərində tez-tez bir-birimizin qonağı oldurduq. Eşitmişdim ki, onun başqa bir qadından doğulan, məsul dövlət vəzifəsində işləyən oğlu var. Amma nə Sergey bu barədə deyib, nə də biz soruşmuşuq. O, daha çox müharibədən, mütaliə etdiyi kitablardan danışırdı. Şən, zarafatcıl, eyni zamanda, kövrək adam idi. İndiki kimi yadımdadır: qızım müharibə barədə şeir deyəndə, gözləri dolmuşdu…"

© Sputnik / Kamal AlmuradlıSerqey İvanov komsomolçularla, Saatlı, 1967 Dönüş qəzetinin arxivi
Serqey İvanov komsomolçularla, Saatlı, 1967 Dönüş qəzetinin arxivi - Sputnik Azərbaycan
Serqey İvanov komsomolçularla, Saatlı, 1967 Dönüş qəzetinin arxivi

İqor atasını görmək üçün Bakıya gəlib

Hazırda Bakıda yaşayan, 1941-cı il təvəllüdlü Lidiya Urum, İvanovlar ailəsi ilə uşaq yaşlarından tanış olduğunu bildirir: "Sergey Yemelyanoviçin qapı qonşusu olmuşuq. Atam İlin Yakob Mixayloviç də dəmiryolu üzrə müətəxəssis olduğuna görə Saatlıya göndərilib. İvanovlarla təxminən eyni vaxtda — 1945-ci ildə bura gəlib çıxmışıq. Sergeyin uşaqları ilə təxminən yaşıdam: Yelena məndən bir sinif yuxarı, Nikolay isə bir sinif aşağıda oxuyub. Sergey dəmiryolu idarəsində mühəndis, arvadı Mariya Qriqoriyevna isə bağçada aşpaz işinə düzəlmişdi".

© Sputnik / Kamal AlmuradlıLidiya Urum
Lidiya Urum  - Sputnik Azərbaycan
Lidiya Urum

Lidiya xanım 1961-ci ildə ailə quraraq Bakıya köçdüyünü və bu səbəbdən qonşuları ilə əlaqəsinin kəsildiyini deyir: "Bu illərdə Sergeyin övladları da Saatlını tərk etmişdilər. Yelena yeddi illiyi bitirəndən sonra Bakıda dəmiryolu texnikumunda oxudu və Ukraynaya köçdü. Sorağı çatmışdı ki, orada dəmiryolçu işləyir. O, atasının ölümündən sonra gəlib anasını götürərək öz yanına apardı. Nikolay isə ailə quran ilk vaxtlarda Binədə yaşayırdı, sonra necə oldu, bilmirəm".

© Photo : Şəxsi arxivYelena Sergeyevna İvanova
Yelena Sergeyevna İvanova - Sputnik Azərbaycan
Yelena Sergeyevna İvanova

Nəhayət mətləb üstə gəlirik. Qadın Sergeyin tanınmış oğlu barədə bildiklərini bölüşür: "Dəqiq xatırlamıram, səhv etmirəmsə, 60-cı illər idi, İqor mühüm işlə bağlı atası ilə görüşmək istədiyini bildirib. Xəbəri Sergeyə "voenkomat"dan çatdırmışdılar. O, Bakıya getdi və oğlu ilə də orada görüşdü".

© Photo : Şəxsi arxivNikolay Sergeyeviç (ön cərgədə soldan birinci) uşaq bağçasında. Saatlı, 1948-ci il.
Nikolay Sergeyeviç (ön cərgədə soldan birinci) uşaq bağçasında. Saatlı, 1948-ci il. - Sputnik Azərbaycan
Nikolay Sergeyeviç (ön cərgədə soldan birinci) uşaq bağçasında. Saatlı, 1948-ci il.

Cavabsız sorğular və məktublar

Təəssüf ki, Sergey İvanovu daha yaxından tanıyan adamları tapa bilmədik. Onlardan bəziləri ya Saatlıdan, ya da elə bu dünyadan köçüblər. Bu rayonda uzun müddət rus icmasının rəhbəri olmuş mərhum Vadim Xlevnikin Rusiyada nəşr olunan "Azerbaydjan" qəzetinə 2000-ci ildə verdiyi müsahibənin bu hissəsi maraq doğurur:

"Sergey İvanov Çində hərbi atteşe, Monqolustanda səfir, Böyük Vətən Müharibəsinin iştirakçısı olub, "Lenin" ordeni ilə təltif edilib. Vəfat edərkən arvadı Mariya Qriqoriyevna məndən xahiş etdi ki, atasının vəfatı xəbərini İqora çatdırım. Dərhal Bakıya məlumat verdim. Oradan Moskva, Mərkəzi Komitə ilə əlaqə saxlanılıb və öyrənilib ki, İqor xaricdədir.

Sonrakı vaxtlarda da İqorla heç cür əlaqə yarada bilmədik. Müxtəlif illərdə ona yolladığım 3 məktub cavabsız qaldı. Rusiyanın Azərbaycandakı səfirliyindən bildirilmişdi ki, onunla əlaqə yaratmağa calışılacaq və atasının məzarının harada olmağı barədə məlumat veriləcək".

"Onu böyük ehtiramla son mənzilə yola saldıq"

Müzəffər kişi deyir ki, Sergey İvanovun dəfni və yas mərasimi yüksək səviyyədə təşkil olunub: "Vəfat etdiyi gün mən idarə rəisi səlahiyyətimdən istifadə edərək maddi yardım ayırdım. Rayon partiya komitəsindən də köməklik olundu. Mərhumun orden-medalları çox idi. Yastıqcalar düzəltdirdik və onları taxdıq. Orkestrin müşayiəti ilə onu böyük ehtiramla son mənzilə yola saldıq. Binanın həyətində stol açdıq, rusdillilər gəlib xatirəsini andılar".

Polkovnikin ziddiyyətli evlilik tarixçəsi

Atadan fərqli olaraq oğul İvanovun bioqrafiyası, necə deyərlər, üzdədir. Sadə sorğu ilə internetdə qarşına xeyli məlumat çıxır. Onun harada təhsil alması, işləməsi, işgüzar səfərləri və görüşlərinin tarixləri dəqiqliklə qeyd olunub. Amma vikipediya-da atası barədə yalnız bu məlumat var: "Sergey İvanov- hərbi qulluqçu, polkovnik". Vəssalam.

© Sputnik / Aleksey KudenkoRusiyanın sabiq xarici işlər naziri İqor İvanov
Rusiyanın sabiq xarici işlər naziri İqor İvanov - Sputnik Azərbaycan
Rusiyanın sabiq xarici işlər naziri İqor İvanov

Başqa bir məqalədə isə göstərilir ki, İqorun anası Yelena (Eliko) Saqiraşvili oxumaq üçün Moskvaya gedib, Sergey İvanovla da orada tanış olub və evləniblər. Bu nikahdan iki uşaq doğulub: İqor və Nina. Həmin oçerkdə Yelenanın 1909-cu ildə anadan olmağı, Moskva rayonlarının birində Dövlət Avtomobil Müfəttişliyinin rəisi işləməyi, 1982-ci ildə vəfat etməyi və Moskvada dəfn olunmağı açıqlanıb. Lakin yenə də polkovnikin taleyi barədə məlumat verilmir.

Mərhum Sergeyin saatlılı qonşuları Mariya Qriqoriyevnanı onun ikinci arvadı hesab edirlər. Lidiya xanımın sözlərinə görə, ondan doğulan uşaqlar — Yelena və Nikolay, təxminən 1940-42-ci il təvəllüdlüdürlər. Qadın onu da xatırlayır ki, Mariya Qriqoriyevna müharibə illərində uşaqları ilə birgə Bakıda yaşadığını və Saatlıya buradan köçdüyünü danışıb.

Qəribədir ki, İqor, bu uşaqlardan gec — 1945-ci ildə dünyaya gəlib. Belə çıxır ki, Sergey gürcü qadınla tanış olarkən evli imiş və ondan olan uşaqlar nikahdankənar doğulub. Ya da, uşaqları olmağına baxmayaraq, onun Mariya ilə nikahı qeydə alınmayıbmış. Daha bir versiya Yelena və Nikolayın atasının başqa kişi olmasıdır ki, Lidiya xanım bunu qətiyyətlə istisna edir.

Yasamal qəbiristanlığı - Sputnik Azərbaycan
Paytaxtda qəbiristanlıq təlaşı: "Kim razı olar ki, atasının qəbrini söksünlər?!"

İqor İvanovun bioqrafiyasında, onun 6 yaşınadək ana baba-nənəsinin yanında — gürcü kəndi olan Axmetada yaşadığı qeyd olunub. Görünür, Sergeydən ayrılan və Moskvada məsul vəzifədə işləyən gürcü qadın, ortada baxımsız qalan uşağı valideynlərinin yanına göndərib. Buradan beləsi artıq bizə məlumdur ki, həmin vaxt Sergey İvanov Mariya və ondan olan uşaqları ilə birgə Saatlıya köçüb. Sergey dünyadan köçərkən isə İqor çox uzaqda idi — İspaniyadakı sovet səfirliyində çalışırdı…

İki etiraf

"Mən Gürcüstanı sevirəm və özümü yarıgürcü hesab edirəm" — İqor Sergeyeviç İvanov nazir olmazdan əvvəl publika qarşısında belə bir açıqlama ilə çıxış edib.

"Buraya bundan әvvәl gәlmәk lazım olduğu barәdә öz ünvanıma söylәnilmiş tәnqidi tamamilә qәbul edirәm. Bunun tәәssüf ki, nә üçün baş tutmadığının sәbәblәrini axtarmaq fikrindә deyilәm". Bu isə cənab İ. S. İvanovun 1999-cu ilin sentyabrın 2-də Rusiyanın xarici işlər naziri kimi Bakıya səfərindəki çıxışında yer alır.

Diplomatların sözlərinin sətiraltı mənaları çox olur. Söz yox ki, o, belə deyərkən, təmsil etdiyi ölkənin həmin vaxt Qafqazda baş verənlərə operativ reaksiya verməməsini nəzərdə tutub. Amma adama elə gəlir ki, bu etirafla İqor İvanov, Azərbaycanın ucqar rayonunda dəfn edilən atasının məzarını indiyədək ziyarət etməməyi ilə bağlı qınaqlara haqq qazandırıb. Ötən 40 ildən artıq müddətdə, Vadim Xlebnik kimi, bunun səbəbini axtaranlar olub, indi də var…

Xəbər lenti
0