BAKI, 20 yan-Sputnik. Dövlət Duması Rusiya ilə Türkiyə arasında bağlanan “Türk axını” qaz kəməri ilə bağlı müqavilənin ratifikasiyası haqqında qanun qəbul edib.
RİA Novosti məlumat verir ki, izah sənədlərində “Türk axını” qaz kəməri layihəsinin reallaşdırılmasının məqsədəuyğunluğu qeyd olunur. Burada bildirilir ki, “Qazprom” QSC bu kəmər vasitəsilə tranzit risklərini ixtisar etməklə yanaşı 2019-cu ilin sonlarından başlayaraq Rusiya qazını Türkiyə və Avropa İttifaqı ölkələrinə çatdırmalıdır.
Sənəddə qeyd olunur ki, Rusiya qazının “Türk axını” xətti vasitəsilə etibarlı və fasiləsiz surətdə türk alıcılara çatdırılması üçün birinci xəttin açılışına il ərzində RF büdcəsindən 750 milyon ABŞ dolları dəyərində ixrac rüsumu ödəniləcək.
İkinci xəttin reallaşması üçünsə, Türkiyə ərazisindən keçən qazın alıcısı olan ölkələrin ödəyəcəyi vəsaitdən RF büdcəsinə daxil olan gəlirlərdən ixrac rüsumu ayrılacaq.
Sənəddə kəmərlərin dənizdən və quru ərazilərindən keçəcək ölkələrə tətbiq ediləcək rüsumlara da aydınlıq gətirilib.
Müqavilənin fəaliyyət müddəti 5 illik müddətə uzadılma şərti ilə 30 ildir.
“Türk axını” layihəsinin reallaşdırılması ilə bağlı Rusiya-Türkiyə dövlətlərarası müqavilə 2016-cı ilin oktyabrında imzalanıb. Sənəd Qara dənizin dibindən keçməklə 15,75 mlrd kubmetr qaz ötürmək qabiliyyətinə malik olan iki magistral qaz kəmərinin çəkilməsini ehtiva edir.