BAKI, 19 yan — Sputnik. Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, RF Dövlət Dumasının deputatı Dmitri Savelyev, Azərbaycan xalqına 20 yanvar 1990-cı ildə baş vermis hadisələr zamanı əvəzolunmaz itkilərlə bağlı başsağlığı ünvanlayıb. Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə teleqram göndərib.
"20 yanvar 1990-cı ildəki əvəzolunmaz itkilərlə bağlı bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı diləklərimizi qəbul edin. Dinc insanların ölümünə heç nə ilə haqq qazandırmaq olmaz!" — teleqramda bildirilir.
Savelyev qeyd edir ki, Azərbaycan tarixində baş vermiş bu faciəli mərhələ hər zaman sivil insanlar üçün böyük kədər günü olaraq qalacaq: "Tarixin amansız dərsləri həmişə öz arxasında böyük ağrı qoyub gedir. Biz o ağrını öz yaddaşımızda qoruyur, nəsildən nəslə ötürürük ki, belə faciələr heç vaxt və heç yerdə təkrarlanmasın".