BAKI, 11 yan — Sputnik. Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland Ermənistanı Azərbaycan əsgərinin meyitini qaytarmağa çağırıb.
Sputnik-in məlumatına görə, bu barədə Avropa Şurasının baş katibi bu gün yaydığı bəyanatda bildirib.
"Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda birbaşa rol oynamasa da, bu məsələdə daim ATƏT-in Minsk qrupunun rolunu dəstəkləyir. Bununla belə, münaqişənin humanitar aspektləri bizi narahat etməkdədir. Mən bilirəm ki, ötən ilin 29 dekabr tarixində tərəflər arasında baş vermiş atəşkəs rejiminin pozulması insan tələfatına səbəb olub və eyni zamanda, erməni silahlı qüvvələrinin baş vermiş döyüşlər nəticəsində həlak olmuş azərbaycanlı əsgərin meyitini hələ də saxladıqlarından xəbərdaram. Mən tərəfləri qətiyyətlə atəşkəs rejiminə əməl etməyə çağırıram və məsələnin humanitar tərəflərini nəzərə alaraq, 2010-cu ildə yüksək səviyyədə keçirilmiş Həştərxan razılaşmalarına uyğun olaraq, ATƏT-in Minsk qrupu həmsədrlərinin meyitlərin gecikdirmədən, dərhal qaytarılmasına dair etdikləri çağırışları tam şəkildə dəstəkləyirəm” — T. Yaqlandın bəyanatında deyilir.
Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb.