BAKI, 10 yan — Sputnik. ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakı özünün inauqurasiya (andiçmə) mərasiminə dəvət edib. Sputnik-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, səfirin Trampdan dəvət məktubu aldığı barədə informasiyanı Rusiyanın Vaşinqtondakı diplomatik missiyasının mətbuat xidməti yayıb.
"Təcrübəyə və protokol qaydalarına əsasən, ABŞ prezidentinin inauqurasiyasına xarici səfirlər də dəvət olunur. Rusiya səfiri Sergey Kislyak Amerika tərəfindən belə bir dəvətnamə alıb. Səfir bu mərasimdə iştirak edəcək" — deyə səfirliyin mətbuat katibi Nikolay Laxonin bildirib.
ABŞ-ın 45-ci prezidentinin inauqurasiyası yanvarın 20-də keçiriləcək. Mərasim yerli vaxtla saat 12.00-da Konqres binasının yerləşdiyi Kapitolidə olacaq.
Trampın inauqurasiya nitqini şəxsən özünün yazmağı planlaşdırdığı bildirilir. Mərasimdə 2-3 milyon adamın iştirakı gözlənilir.