BAKI, 4 yan – Sputnik. “Azərbaycanın İsraillə hərbi sahədə imzaladığı 5 milyard dollarlıq müqavilə Ermənistanı təşvişə salıb. Son günlər cəbhə xəttində qarşı tərəfin vəziyyəti gərginləşdirməsini bu səbəbə bağlayıram”. Bunu Sputnik-ə açıqlamasında hərbi ekspert Şükür Məmmədov deyib.
Şükür Məmmədov, erməni ordusunun işğal altındakı Dağlıq Qarabağ cəbhəsində yox, məhz birbaşa Ermənistan-Azərbaycan sərhəddində silahları işə salmasını hiyləgər təxribat adlandırıb.
“Bundan öncə ermənilər hər zaman Azərbaycan ordu birliklərini işğal etdikləri rayonlarımızdan atəşə tuturdu. Keçən həftə Tovuz rayonu istiqamətində baş verənlər isə tamamilə başqa bir ssenarinin işə düşdüyündən xəbər verir. Çünki bu dəfə silahlı qarşıdurma birbaşa iki ölkə sərhəddində yaşandı. Ölkəmizə keçməyə cəhd edən erməni kəşfiyyat qrupu qəhrəman əsgərlərimiz tərəfindən məhv edildi”.
Şükür Məmmədova görə, ermənilərin qarşıdurma üçün iki ölkə arasındakı sərhəddi seçməsi, Rusiyaya mesaj vermək üçündür: “Bilirik ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Hansı ki, ora Rusiya da daxildir. Və həmin təşkilatda belə bir maddə var ki, üzv ölkələrin hansına hücum edilərsə, digər üzv ölkələr dərhal hücuma məruz qalan dövlətə hərbi yardım göstərməlidir. Ancaq burda bir məsələ var. O da, KTMT-yə üzv ölkələr hamısı Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Ona görə də, DQ ərazisində gedən heç bir silahlı insidentə həmin dövlətlər müdaxilə etmir. Bunu görən Ermənistan, Azərbaycanı təxribata çəkmək üçün məhz bu cür alçaq üsullara əl atır. Qəsdən öz ərazisi sayılan torpaqlardan Azərbaycan tərəfini atəşə tutaraq, ordumuzu təxribata çəkir. Əgər Azərbaycan ordusu bu hiyləgər plana uyub, ağır texnikasını işə salsaydı, irəli gedib torpaq tutsa idi, o zaman rəsmi İrəvanın istəyini gerçəkləşdirmiş olacaqdı. O zaman Rusiya da reaksiya verməli olacaqdı”.