BAKI, 23 dek — Sputnik. Rusiya prezidenti Vladimir Putin "Boyarışnik"dən zəhərlənməni dəhşətli faciə və dəhşətli rüsvayçılıq adlandırıb. "İrkutskda baş verənlər dəhşətli faciədir, deməyə söz tapmıram. Və dəhşətli biabırçılıqdır ki, nəzarət orqanları bu faciənin qarşısını ala bilməyiblər" — deyə Putin bu gün keçirdiyi mətbuat-konfransında bildirib.
Prezident bunun qəsdən edildiyinə inanmır: "Bir qrup xarici ölkə vətəndaşı vannaların təmizlənməsi üçün preparat hazırlayıb və zəhərli spirtdən istifadə ediblər. Bu qrupun liderlərindən biri ayrı-ayrılıqda pul qazanmaq qərarına gəlib. Məncə, o, nə etdiyini başa düşməyərək haradansa bu texniki spirti əldə edib və ondan istifadə edib".
Onun sözlərinə görə, aksizlərin artırılması və hökumətin atdığı digər addımlar düzgündür, lakin gecikib. Putin surroqat alkoqolla mübarizənin davam edəcəyini bildirib.
Qeyd edək ki, tərkibində metil spirti aşkarlanmış saxta məhluldan kütləvi zəhərlənmə dekabrın 17-də Rusiyanın İrkutsk vilayətində qeydə alınıb. "Boyarışnik"dən zəhərlənərək ölənlərin sayı 75 nəfərə çatıb.