BAKI, 22 dek — Sputnik. Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) və DİN əməkdaşlarının Moskva bölgəsində keçirdiyi əməliyyat zamanı “Təbliği camaat” ekstremist təşkilatının yeddi üzvü saxlanılıb. Saxlanılanlardan altısının Qırğızıstan, birinin isə Rusiya vətəndaşı olduğu bildirilir.
RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə FTX regional idarəsinin məlumatında bildirilir.
Məlumata görə, saxlanılan şəxslər qruplaşmaya yeni üzvlər cəlb edərək onlarla “ideoloji maarifləndirmə” işi aparıblar. Həmin şəxslər sonradan Əfqanıstan və Pakistandakı təlim düşərgələrinə göndərilib.
“Axtarışlar zamanı ekstremist məzmunlu ədəbiyyat, rabitə vasitələri və qruplaşmanın fəaliyyəti ilə bağlı hesabatların saxlanıldığı elektron daşıyıcılar aşkarlanaraq götürülüb”, — deyə məlumatda bildirilir.
Rusiya Ali Məhkəməsi 2009-cu ildə “Təbliği camaat” təşkilatının ölkədə fəaliyyətinə qadağa qoyub.